Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədov Əbu-Dabidə keçirilən WAKO Dünya Çempionatında iki qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, o, “Master Class” kateqoriyasında 63 kiloqram çəki dərəcəsində “Light Contact” və “Kick Light” növlərində bütün rəqiblərini məğlub edərək hər iki yarışda birinci yeri tutub.
E.Məmmədov “Light Contact”da Böyük Britaniya, Portuqaliya və İtaliya təmsilçilərinə, “Kick Light”da isə İsveç, Kanada və İtaliya idmançılarına qalib gəlib.
Qeyd edək ki, bu nəticə ilə Azərbaycan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov ümumilikdə WAKO üzrə 10-cu dəfə dünya çempionu adını qazanıb.


