Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatına start verilib.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 idmançısı tatamiyə çıxıb.
Cüdoçularımız Avropa çempionatında ilk medala sahib olublar. Əhməd Yusifov bürünc qazanıb.
Avropa çempionatı
Kişilər
60 kq
Əhməd Yusifov yarışa 1/16 finaldan qoşulub. İzhak Aşpizə (İsrail) qalib gələn cüdoçu mərhələ adlayıb. O, ikinci görüşündə Aleksandru Matei (Rumıniya) də mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Luka Mxeidzeyə (Fransa) uduzub.
Turan Bayramovun 1/16 finalda Ceyms Zahradan (Malta) güclü olub. Təmsilçimiz 1/8 finalda Sanad Feçko (Macarıstan) qüvvəsini sınayıb və bu dueldən də qalib ayrılıb. Turan 1/4 finalda Ayub Bliyevə (İJF) məğlub olduğundan təsəlliverici görüşdə komanda yoldaşı Yusifovla güləşib. Avropa çempionatında Azərbaycan duelindən Əhməd qalib ayrılıb.
Yusifov bürünc medal uğrunda ispaniyalı Fransisko Qarriqosla üz-üzə gəlib. Təmsilçimiz üçqat Avropa çempionuna ipponla qalib gələrək, Avropa çempionatında komandamıza ilk medalı qazandırıb.
66 kq
Ruslan Paşayev startda Boyan Yotova (Bolqarıstan) uduzub.
Qadınlar
48 kq
Könül Əliyeva 1/16 finalda Paulina Şlaxtaya (Polşa) qalib gəlsə də, ardınca Tuğce Bederlə (Türkiyə) bacarmayıb.
52 kq
Gültac Məmmədəliyeva 1/16 finalda Çiara Serraya (Almaniya) məğlub olub.
Qeyd edək ki, aprelin 27-də yekunlaşacaq Avropa çempionatına millimiz 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb.
İdman.biz