Hidayət Heydərov: “Olimpiadada da qızıl medal götürəcəm” - VİDEO

Müsahibə
22 May 2024 01:06
502
Hidayət Heydərov: “Olimpiadada da qızıl medal götürəcəm” - VİDEO

“Bu gün Mehriban xanım Əliyevanın paylaşımını gördüm, çox sağ olsun”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatındakı uğurunu dəyərləndirib. 11 ildən sonra mundialda yığmamıza qızıl medal qazandıran dördqat Avropa çempionu bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi instaqram hesabında etdiyi paylaşım ona əlavə motivasiya verib: “Hər şey üçün çox sağ olsunlar. Azərbaycan xalqının dəstəyini hiss edirdim. Sevincimə mənimlə birgə şərik olduqları üçün azarkeşlərə təşəkkür edirəm. Bu yolda mənə kömək olan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına, vitse-prezident Elnur Məmmədliyə minnətdaram. Kömək oldular və dünya çempionu titulunu qazandım. Qarşıdan Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Olimpiadada da qızıl medal götürəcəm. Bu yarışa necə hazırlaşmışdımsa, ora da elə hazırlaşacam. Sadəcə səbrli olub, hər şeyi gözləmək lazımdır".

Heydərovun sözlərinə görə, həlledici görüşdə hədəfi yalnız qızıl medal olub: "Finala qələbə üçün çıxmışdım. Dünya çempionatının həlledici qarşılaşmasını heç vaxt verməzdim. Çox motivasiyalı idim. Vazzari ilə geri düşməyimə baxmayaraq, heç nə hiss etmədim və nə olursa-olsun udmaq barəsində düşündüm. Elə də oldu və ipponla qalib gəldim”.

Qeyd edək ki, Hidayət finalda yaponiyalı Tatsuki İşiharaya qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz