Rəşad Məmmədov: “Olimpiada öncəsi seçim edəcəyik”

Xəbərlər
21 May 2024 13:57
202
Rəşad Məmmədov: “Olimpiada öncəsi seçim edəcəyik”

“Biz Azərbaycanın Olimpiadada iki çəkidə təmsilçiliyini təmin etmişik”.

Bunu İdman.bizə qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Məmmədov deyib.

O bildirib ki, komanda son aylarda gərgin qrafikdə çıxış etməli olub: “Hazırlıq üçün daha çox vaxtımız olsaydı, daha yaxşı çıxış edə bilərdik. Məsələn, Leyla Əliyeva (48 kq) çəki atmaq və yarışdan-yarışa getmək qədər məşq etməyib. O, son bir ayda iki “Böyük dəbilqə” turnirində, Avropa və dünya çempionatında iştirak edib. Leyla bərpa olmağı çatdırmırdı”.

Baş məşqçi Əliyevanın Paris-2024-ə lisenziya əldə etdiyini, amma qitə kvotası qazanıldığı 52 kq çəkidə vəziyyətin fərqli olduğunu da vurğulayıb: “Biz Parisə gedəcək idmançını Gültac Məmmədəliyeva və Aydan Vəliyeva arasında seçim edərək müəyyənləşdirəcəyik. Hər iki idmançı lisenziya xalları toplayıb”.

Mütəxəssis Açelya Toprakın (57 kq) Olimpiadaya vəsiqə qazanmadığını da qeyd edib: “Dünya çempionatında iki mərhələ keçməsinə baxmayaraq, Açelyanın nəticəsi qitə vakansiyası qazanmağa yetərli olmadı. Son anadək onun namizəd olduğu həmin qitə kvotası başqa kateqoriyaya keçdi”.

Məmmədov yığmanın hazırlıq planına da toxunub. O bildirib ki, millimiz mundialdan qayıdan kimi Bakıda toplanışa başlayacaq.

Zəki Feyzullayev
İdman.biz