Elcan Hacıyev: “Mənə yazan xanımlar olur... Onun kimi fanatım yoxdur” - MÜSAHİBƏ - FOTO

Müsahibə
21 May 2024 11:52
1 660
Elcan Hacıyev: “Mənə yazan xanımlar olur... Onun kimi fanatım yoxdur” - MÜSAHİBƏ - FOTO

Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyevin İdman.bizə müsahibəsi

- Elcan, başlayaq elə əvvəldən. Necə oldu cüdoya gəldiniz?

- Təxminən, on üç ildir cüdo ilə məşğulam. Deməli, sinif yoldaşım cüdoya gedirdi. Mən də bir-iki dəfə onun məşqinə baxmağa getdim, elə o vaxtdan həvəs yarandı, məşqə yazıldım. Ancaq həmin dostumun ayağı qırıldı, cüdoya davam edə bilmədi.

- Bəs, dostluğunuz necə? Davam edirmi?

- Yox. O, illər öncə ailəsi ilə Rusiyaya köçdü. Beləcə əlaqəmiz kəsildi. Sonra da soyuqluq düşdü.

- Dostlarınız əsasən idmançılardır?

- Düzü, özümə yaxın bildiyim çox az adam var. İdmançı dostlarım daha çoxdur. Adaşım Elcan var, uşaqlıq dostumdur. O da idmançıdır. Bir də Turan Bayramovla hələ yeniyetməlikdən bir yerdə olmuşuq, dostluq etmişik. Bu gün də yarışlara gedəndə yoldaşlıq edirik.

- Elcan, ailənizdə sizdən başqa idmançı var?

- Üç bacım var, ancaq heç biri idmançı deyil. Atam o vaxt kinqboksla məşğul olub. Özünün edə bilmədiklərini, mənim etməyimi istəyir. Ömrü boyu ən böyük dəstəkçim atam olub. Onun ümdini doğrultmaq üçün əlimdən gələni edirəm. Hər gün “Tik-tok”da, “İnstagram”da videolarımı paylaşır. Mənim heç vaxt belə bir fanatım olmayıb.

- Amma indi qız fanatlarınız da var. Xüsusilə də, Avropa çempionu olandan sonra.

- Hə (gülümsəyir). Sosial şəbəkələrdə yazan xanımlar olur. Çox vaxt təbrik edirlər. Mən də təşəkkür edirəm, vəssəlam. Hamı ilə necə davranıramsa, onlarla da o cür davranıram. Ümumiyyətlə, bütün gün Avropa çempionu olmağımdan danışmıram. Əsas məqsədim Olimpiadadır. Avropa addımlardan biri idi və keçmişdə qaldı. Bir müddətdən sonra bu da yaddan çıxacaq. Ona görə yeni uğurlara imza atmaq lazımdır.

- Səncə, Paris-2024 Yay Olimpiya Oyunlarına gedə biləcəksən?

- Əslində, işin 50-60 faizini həll etmişəm. Ancaq yenə də dəqiq bir söz deyə bilmərəm. Hər şey Allahın əlindədir.

- Söhbət Olimpiadadan düşmüşkən, istərdim rəqibləriniz haqqındakı fikirlərinizi öyrənim.

- Murad Fətiyev çətin rəqibdir. Aramızda çox güclü rəqabət getdi. Bu il cəmi bir yarışda – Bakıdakı “Böyük Dəbilqə”də uduzmuşam, onda da Murad qalib olub. Vüqar Talıbov və Murad Fətiyev hər ikisi güclü rəqibdir. Ümumiyyətlə, 90 kq çəkidə güclü rəqabət gedir.

- Sizin görüşlərinizə baxanda həmişə bir nüans diqqətimi çəkir. Rəqiblərinizə çox hörmətlə yanaşırsınız. Xüsusilə də, döyüşdən sonrakı davranışınızda bu aydın görünür.

- Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Ola bilər ki, qalib gəldiyim anda refleks olaraq sevinim, ancaq dərhal özümü toplayıb rəqibə yaxınlaşıb, əl verirəm. Məsələn, Fransada iki yerli cüdoçuya qalib gəldim. Hər ikisinin əlini qaldırıb qucaqlayıb öpdüm. Onların ailəsi orda qarşılaşmalarını izləyirdilər. Bakıda dəfələrlə olub ki, evdəkilərin baxmağa gəldiyi yarışı uduzmuşam. Bir anlıq özümü onların yerinə qoydum. Fransızlar mənim bu jestimi çox hörmətlə sosial şəbəkələrdə paylaşırdılar.

- Qayıdaq yenidən uşaqlığınıza. Necə uşaqlıq keçirmisiniz?

- Çox nadinc uşaq olmuşam. O qədər dəcəl idim ki, müəllimlər fürsət yaradırdı ki, dərsdən qaçım. Məktəbdə ancaq gözləyirdim ki, dərs qutarsın, məşqimə gedim. Təkcə idman dərsindən beş alırdım. Bir də riyaziyyatım yaxşı idi. Müəllimə dərs danışırdı, mən axşam məşqdə hansı fəndi edəcəyimi düşünürdüm. Həftənin beşinci günləri digər günlərdən fərqli fəndlər öyrənirdik. Həmin gün o qədər xoşbəxt oyanırdım ki, bu gün güləşəcəyik. Hətta bir müddət robot kimi yaşayırdım. Səhər məşqə gedirdim, evə gəlib yatıb sonra yenidən məşqə gedirdim. Ancaq məşq və ev. Ümumiyyətlə, idmana uşaqlıqdan düşkünəm. Anamın sözünə baxmayanda məni şantaj edirdi ki, məşqə qoymayacam. Mən də bütün gün ağlayırdım. Bir sözlə, uşaqlığım zalda keçib.

- Əziyyətinizin bəhrəsini hələ o dövrdən görmüsünüz, yoxsa ancaq son illərdə?

- Uşaqlığımda o qədər də uğurlu idmançı deyildim, yarışların çoxunu uduzurdum. Məşqçim həvəsdən düşməyim deyə medal verirdi ki, evdə göstərim. Məşq zalımızda hər yarış medal verən uşaqlar vardı, indi onların heç biri yoxdur, ancaq mən varam. Məşqçim Hikmət Əliyev həmişə yanımda olub, heç vaxt ümidim qırmayıb. Həmişə mənə deyirdi ki, səbrli ol, sənin də vaxtın gələcək. Böyüyəndə çox güclü idmançı olacaqsan. Ailəm də mənə çox dəstək olurdu. Məğlub olanda da deyirdilər ki, sən bundan sonra on yarış da uduzsan, bizim çempionumuzsan. Bu dəstəyin sayəsində ruhdan düşmür, hər gün fasiləsiz məşqimi edirdim ki, məqsədimə çatım. Bilirdim ki, yeniyetmələr arasında keçirilən yarışlarda uduzsam da, böyüklərdə medal verəcəm. Belə də oldu.

- Yarışda uğurlu nəticə göstərəndə özünüzü necə mükafatlandırırsınız?

- Yarışı udandan sonra evdəkiləri gəzməyə aparıram. Onların sevinci ilə özümü mükafatlandırıram. Ailəmə çox bağlıyam.

- Elcan, uşaqlığınızdan bəri heç dəyişməyən xüsusiyyətiniz, yaxud da xüsusiyyətləriniz hansılardı?

- Hər yerə gecikirəm. Gedəcəyim yerə iki saat qabaqcadan durum hazırlaşım, yenə gecikəcəm. Bilmirəm, bu necə olur. Məşqlərə həmişə ən axrıncı gəlirəm. Gördüyünüz kimi, müsahibəyə də gecikmişəm.

- Yeməklə aranız necədir?

- Demək olar ki, yemək seçmirəm. Bircə xaşdan xoşum gəlmir. Ümumiyyətlə, yeməklə aram çox yaxşıdır.

- Bəs çəkinizi necə qoruyursunuz?

- Qorumuram. Yarışqabağı çəkimi salıram.

- Deməli, yarışqabağı ikiqat əziyyət çəkirsiniz.

- Hə. Ümumiyyətlə, idmançı həyatı çox çətindir. Heç nə kənardan göründüyü kimi deyil. Bir dəfə qohumumuz atama dedi ki, nə vaxt baxıram, Elcan ölkələri gəzir, kef eləyir. Atam da cavab verdi ki, sən onun instaqramdakı şəkillərini görürsən, mən isə o şəkillərə qədər nə əziyyət çəkdiyini.

Aytac Sahəd
İdman.biz

Məqalədə: