Avropa Cüdo Birliyi (EJU) bu gün, oktyabrın 30-da İtaliyanın Neapol şəhərində start götürəcək 23 yaşadək cüdoçular arasında Avropa çempionatı ərəfəsində azərbaycanlı idmançı Kənan Nəsibova xüsusi diqqət ayırıb.
İdman.Biz xəbər verir ki, EJU yarışın ikinci gününə həsr olunan rəsmi anonsunda ağır çəkili cüdoçumuza ayrıca bölmə ayırıb. Həmin bölmə “Nəsibovu kim dayandıra bilər?” başlığı ilə təqdim olunub.
Avropa Cüdo Birliyi Nəsibovu qarşıdakı yarışın əsas iştirakçılarından biri kimi göstərib və onun beynəlxalq arenadakı nailiyyətlərini xüsusi qeyd edib.
EJU-nun açıqlamasında bildirilir ki, Neapolda mübarizə aparacaq idmançılar arasında ən çox diqqət çəkən adlardan biri Kənan Nəsibovdur. U-23 Avropa çempionu olan cüdoçumuz dünya reytinqində üçüncü yerdədir. O, bu il dünya çempionatının bürünc medalını və Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Bundan başqa, Avropa Cüdo Birliyi çempionatın ümumi icmalında Nəsibovu çəki dərəcəsindən asılı olmayaraq, iştirakçılar arasında dünya reytinqində ən yüksək mövqedə olan idmançı kimi təqdim edib.
EJU azərbaycanlı cüdoçunun 100 kq-dan yuxarı çəki dərəcəsindəki rəqiblərinə də diqqət çəkib. Əsas rəqiblər sırasında böyüklər arasında 2026-cı il Avropa çempionatında beşinci yeri tutan rumıniyalı Darius Dobre, serbiyalı Vidak Maleviç, həmçinin gənclər arasında dünya çempionatlarının mükafatçıları olan gürcüstanlı Saba Kardava və almaniyalı Mორტaza Suha yer alıblar.
Fransalı Maksans Borden, italiyalı Françesko Basso və çexiyalı Tomaş Raşka da medal uğrunda mübarizə aparacaqlar.
EJU-nun qiymətləndirməsinə görə, Nəsibov kağız üzərində aşkar favorit təsiri bağışlayır. Bununla belə, ağır çəki dərəcəsində gözlənilməz nəticələrin tez-tez qeydə alındığı vurğulanıb.
Beləliklə, azərbaycanlı cüdoçu Avropa çempionatında titulunu əsas favoritlərdən biri kimi qorumağa çalışacaq. Onun 100 kq-dan yuxarı çəki dərəcəsindəki çıxışı oktyabrın 31-nə planlaşdırılıb. Nəsibov 1/8 finalda xorvatiyalı Luka İvankoviçlə qarşılaşacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı oktyabrın 30-dan noyabrın 1-dək Neapolda keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının sifariş ərizəsinə əsasən, millimiz altı çəki dərəcəsində doqquz idmançı ilə təmsil olunacaq.
Komandanın heyətində Murad Muradlı və Babərrahim Mirzəyev (hər ikisi 60 kq), Nizami İmranov və İslam Rəhimov (hər ikisi 66 kq), Abil Yusubov və Mehdi Cəfərov (hər ikisi 73 kq), Əli Qazıməmmədov (90 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) yer alıblar.
Milliyə kişilərdən ibarət əsas yığmanın baş məşqçisi Rixard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəq Rəsullu rəhbərlik edirlər.
