Azərbaycanın qadın cüdosu tarixində mühüm nailiyyətə imza ataraq “Böyük Dəbilqə” turnirində çempion olan ilk azərbaycanlı qadın cüdoçu Könül Əliyeva yarışdakı çıxışı, qazandığı qələbə və Olimpiya Oyunları ilə bağlı hədəflərindən danışıb.
İdman.Biz-ə müsahibəsində cüdoçu final görüşünün onun üçün çətin başladığını, lakin mübarizəni sona qədər davam etdirdiyini bildirib.
“Hesabda bir yuko xalı ilə geridə olsam da, özümə inamımı itirmədim. İnanırdım ki, görüşün gedişini dəyişə və qələbə qazana bilərəm. Mübarizəni sonadək davam etdirdim, daha sonra bir yuko və bir vaza-ari xalı qazanaraq üstünlüyü ələ aldım. Qələbə qazandığımı anladığım an çox böyük sevinc və qürur hissi yaşadım. Çünki bu nəticə mənim üçün sadəcə bir medal deyil, çəkdiyim əziyyətin, məşqlərdə göstərdiyim zəhmətin bəhrəsi idi”, – deyə o vurğulayıb.
Könül Əliyeva final görüşündən sonra onu ilk növbədə federasiya rəhbərliyinin, daha sonra isə ailəsinin təbrik etdiyini bildirib. Yaxınları ona gələcəkdə daha böyük uğurlar qazanmağı, inkişaf edərək irəliləməyi arzulayıblar. İdmançının sözlərinə görə, bu sevinci ailəsi ilə bölüşmək onun üçün xüsusi əhəmiyyət daşıyıb:
“Onların sevincini hiss etmək mənim üçün çox xoş idi. Onların mənə olan inamı və dəstəyi mənim üçün çox dəyərlidir. Belə anlarda insan anlayır ki, qazandığı uğurun arxasında ona inanan və hər zaman dəstək olan insanlar da dayanır”.
Azərbaycan təmsilçisi finala qədər gedən yolun asan olmadığını da qeyd edib. 1/4 final və yarımfinal mərhələlərində o, daha titullu cüdoçularla – niderlandlı Amber Xerşes və fransalı Melani Lequ Klemanla qarşılaşıb.
“Xüsusilə 1/4 final və yarımfinal görüşləri mənim üçün çox vacib və məsuliyyətli idi. 1/4 finalda qarşılaşdığım rəqiblə üçüncü dəfə görüşürdüm. Əvvəlki yarışda öz səhvlərimə görə ona məğlub olmuşdum. Bu dəfə isə daha yaxşı hazırlaşmışdım, əvvəlki görüşdən nəticə çıxarmışdım və vaza-ari xalı ilə qələbə qazandım.
Yarımfinalda isə rəqibimlə ilk dəfə qarşılaşırdım. Məşqçilərim onunla görüş üçün mənə xüsusi taktika hazırlamışdılar. Mən də tatamidə həmin tapşırıqlara əməl etməyə çalışdım və nəticədə qalib gəldim. Əlbəttə, hər rəqibə ciddi yanaşmaq lazımdır. Amma mənim üçün əsas məsələ rəqibin adından və təcrübəsindən çox, öz hazırlığıma inanmaq, düzgün taktika seçmək və görüş ərzində soyuqqanlı qalmaqdır”, - deyə o qeyd bildirib.

Könül Əliyeva cüdoya başladığı uşaqlıq illərini də xatırlayıb. Onun sözlərinə görə, karyerasının ilk dövrlərində beynəlxalq arenada belə uğurlar qazanacağını təsəvvür etməsə də, zaman keçdikcə qarşısına daha böyük hədəflər qoyub.
“Cüdoya başladığım ilk vaxtlarda gələcəkdə böyük uğurlar qazanacağımı ağlıma belə gətirməzdim. Zaman keçdikcə bu idman növünə sevgim artdı, məqsədlərim böyüdü və daha böyük nəticələr əldə etmək üçün çalışmağa başladım. Bu gün Böyük Dəbilqə turnirinin qalibi olmaq mənim üçün böyük qürurdur və qarşıma daha böyük hədəflər qoymağa motivasiya verir.
Uşaqlığımdakı özümə nəsə demək imkanım olsaydı, deyərdim ki, heç vaxt ruhdan düşmə, özünə inan və məqsədindən vaz keçmə. Qarşına çətinliklər çıxacaq, bəzən məğlubiyyətlər də yaşayacaqsan, amma hər məğlubiyyətdən nəticə çıxarmağı bacarmalısan. Çünki uğura gedən yol səbir, zəhmət və inamdan keçir. Ən əsası, arzularının arxasınca getməkdən qorxma” – deyə o vurğulayıb.

Cudoçumuz qeyd etmişdir ki, bu medal onu Olimpiya Oyunlarına bir addım da yaxınlaşdırıb. Onun sözlərinə görə, tarixi qələbə reytinqdə irəliləməsinə kömək etməklə yanaşı, özünə inamını da artırıb və daha böyük uğurlar əldə edə biləcəyinə inandırıb.
“Olimpiya Oyunlarında iştirak etmək mənim ən böyük arzularımdan biridir. Bilirəm ki, bunun üçün qarşıda məni ciddi rəqabət və böyük zəhmət tələb edən yarışlar gözləyir. İndi əsas məqsədim bu nəticə ilə kifayətlənməmək, növbəti yarışlara daha yaxşı hazırlaşmaq və reytinqdə mövqeyimi daha da yüksəltməkdir. İnşallah, əlimdən gələni edəcəyəm ki, Olimpiya lisenziyası qazanım və gələcəkdə Azərbaycanı Olimpiya Oyunlarında layiqincə təmsil edim”, – deyə o fikirlərini yekunlaşdırdı.
