Rusiyalı məşqçi Azərbaycanda cüdoya olan maraqdan heyran qalıb

7 Oktyabr 2026 13:44
115
Rusiyalı məşqçi Azərbaycanda cüdoya olan maraqdan heyran qalıb

Rusiya qadın cüdo millisinin baş məşqçisi Vladimir Deqtyaryov Bakıda keçirilən dünya çempionatına azarkeşlərin marağını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis turnirin təşkilinin Beynəlxalq Cüdo Federasiyasının (IJF) yüksək standartlarına cavab verdiyini bildirib. Bununla yanaşı, onu xüsusilə yarışlara olan böyük tamaşaçı marağı təəccübləndirib.

“Zala çoxlu insanın gəlməsi, hamının azarkeşlik etməsi, prosesə qoşulması xoşdur. Burada həqiqətən cüdo həvəskarları toplaşıb. Bu, sevindiricidir. Elə turnirlər olur ki, görüntü yaxşı alınsın deyə hamını bir tribunaya yığırlar və nə qədər insanın gəldiyi görünsün. Burada isə əksinə, tamaşaçı çoxdur”, – deyə Deqtyaryov “Matç TV”yə müsahibəsində bildirib.

Rusiyalı məşqçinin sözlərinə görə, final bloklarından birində tribunada demək olar ki, boş yer qalmayıb.

“Tribunadan final blokuna baxmağa çalışdıq, hətta pilləkəndə də yerləşə bilmədik. Yerli əhalinin cüdoya belə münasibət göstərməsi sevindiricidir”, – deyə o vurğulayıb.

Deqtyaryov Bakıda dünya çempionatının keçirilməsi üçün yaradılan şəraiti də yüksək qiymətləndirib.

“Turnir IJF çərçivəsində keçirilir, hər şey yüksək səviyyədədir”, - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilir. Azərbaycan millisinin hesabında hazırda iki medal var. Əhməd Yusifov (50 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb. Medal sıralamasında Azərbaycan Yaponiya millisindən sonra ikinci pillədə qərarlaşıb. Yaponiyanın hesabında beş qızıl medal var.

İdman.Biz