Bakıda keçirilən cüdo üzrə dünya çempionatının üçüncü yarış günü turnirin əvvəlindən bəri ən gözlənilməz günlərdən biri oldu.
İdman.Biz xəbər verir ki, oktyabrın 6-da Milli Gimnastika Arenasının tatamisində qadınların 57 kq, kişilərin isə 73 kq çəki dərəcələrində dünya çempionları müəyyənləşib. Lakin diqqəti təkcə nəticələr cəlb etməyib: 2025-ci ilin dünya çempionu fiziki cəhətdən tükənmə həddinə çatıb, olimpiya çempionu Hidayət Heydərovun çıxış etdiyi çəki dərəcəsi favoritlər üçün əsl “qəbiristanlığa” çevrilib, yaponiyalı qalib isə qeyri-adi ailə arzusundan danışıb.
10 dəqiqədən sonra az qala qusacaqdı
Günün ən ağır hekayələrindən biri 73 kq çəki dərəcəsində 2025-ci ilin dünya çempionu Joan-Benjamin Qabanın çıxışı olub.
25 yaşlı fransalı ilk görüşündə 20 yaşlı bolqar Viktor Skerlevə uduzub. Təxminən 10 dəqiqə davam edən qarşılaşma Skerlevin “yuko” qiymətləndirməsi ilə qələbəsi ilə başa çatıb.
Görüşdən sonra Qaba fiziki imkanlarının son həddində olduğunu etiraf edib.
“Ürəyim bulanırdı. Vəziyyətim çox pis idi. Ayağa qalxmaqda çətinlik çəkirdim”, – deyə fransalı bildirib.
Onun fiziki vəziyyətinin səbəbi hazırlıq prosesinin ideal keçməməsi olub. Qaba iyun ayında velosipeddən yıxılaraq çiynindən zədə alıb və təxminən üç ay ərzində faktiki olaraq cüdo ilə məşğul olmayıb. Fransa millisinin məşqçilər korpusu da idmançını qorumağa üstünlük verib. Lakin 2025-ci ilin dünya çempionu titulunu qorumaq istədiyi üçün Bakıya getməkdə israr edib.
Məğlubiyyətdən sonra o etiraf edib ki, həmin gün qızıl medal qazanmaq üçün lazım olan altı tam görüşü keçirməyə orqanizmi imkan verməyəcəkdi.
Favoritlər üçün “qəbiristanlıq”
73 kq çəki dərəcəsində kişilər arasında yarış tanınmış ulduzlar üçün əsl sınağa çevrilib.
2025-ci ilin dünya çempionu Qaba ilə yanaşı, olimpiya çempionu Hidayət Heydərov da mübarizəni vaxtından əvvəl başa vurub. Azərbaycanın titullu cüdoçusu 1/8 finala qədər irəliləyib və burada üçüncü “şido” aldığı üçün italiyalı Covanni Espositoya uduzub.
Reytinqdə ilk sırada yer alan Tacikistan təmsilçisi Mühiddin Əsədullayev isə artıq ikinci mərhələdə mübarizəni dayandıraraq Ryuqa Tanakaya məğlub olub.
Digər böyük sensasiya isə dünya çempionu və üçqat Olimpiya medalçısı gürcüstanlı Laşa Şavdatuşvilinin məğlubiyyəti olub. Onu dünya çempionatından əvvəl dünya reytinqində yalnız 72-ci pillədə qərarlaşan gənc kosovolu Dardan Cena dayandırıb.
Nəticədə qızıl medalı reytinqdə səpələnməmiş yaponiyalı Ryuqa Tanaka qazanıb. O, finalda BƏƏ təmsilçisi Məhəmməd Məhəmmədbekova qalib gəlib.
Üç qardaş – üç dünya çempionu?
Ryuqa Tanakanın qələbəsi dünya çempionatına daha bir qeyri-adi ailə hekayəsi bəxş edib.
22 yaşlı yaponiyalı finaldan sonra iki il əvvəl böyük qardaşı Rema Tanakanın da dünya çempionu olduğunu xatırladıb. O, 2024-cü ildə Əbu-Dabidə keçirilən dünya çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Lakin ailənin hekayəsi bununla bitməyə bilər. Qardaşların cüdo ilə məşğul olan daha bir kiçik qardaşı var.
Ryuqa Bakıdakı qələbəsindən sonra etiraf edib ki, arzusu bir gün hər üç qardaşın dünya çempionu olmasıdır.
Beləliklə, Tanaka ailəsinə bu unikal nailiyyət üçün yalnız üçüncü dünya çempionluğu çatmır.
Qeyd edək ki, hazırkı dünya çempionatı artıq Yaponiyaya daha bir ailə dubli də qazandırıb. Hifumi və Uta Abe qardaş-bacısı müvafiq olaraq 66 və 52 kq çəki dərəcələrində Bakıda qızıl medal qazanıblar. Maraqlıdır ki, onlar bunu məhz Azərbaycan paytaxtında daha əvvəl də bacarıblar. 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında Hifumi və Uta eyni vaxtda öz çəki dərəcələrində dünya çempionu olublar.
20 yaşlı debütantın göz yaşları
Qaba karyerasının ən ağır günlərindən birini yaşadığı halda, eyni çəki dərəcəsində çıxış edən digər fransalı tamamilə fərqli emosiyalar yaşayıb.
20 yaşlı Dayyan Bulemtаfes böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak edib və dərhal bürünc medal qazanıb. Fransa təmsilçisi 1/4 finalda Azərbaycanın Rəşid Məmmədəliyevini məğlub edib, daha sonra gələcək dünya çempionu Ryuqa Tanakaya uduzub. Üçüncü yer uğrunda görüşdə isə israilli Yehonatan Elbazı inamlı şəkildə məğlub edib.
Qələbədən dərhal sonra Bulemtаfes tatamidə göz yaşlarına hakim ola bilməyib. O, karyerasında ilk dəfə böyüklər arasında dünya çempionatının medalını qazandığını dərk edərkən emosional anlar yaşayıb.
Cəmi iki il əvvəl fransalı cüdoçu yeniyetmələr arasında çıxış edirdi. Bu ilin aprelində böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Bulemtаfes indi eyni nəticəni dünya çempionatında da təkrarlayıb.
Görüş keçirmədən bürünc medal
57 kq çəki dərəcəsində bürünc medallardan biri qeyri-adi şəkildə müəyyənləşib.
Xorvatiyalı Ana Viktoriya Puliz təsəlliverici mərhələni uğurla keçərək Sara-Leoni Siziklə qarşılaşmalı idi. Lakin fransalı cüdoçu yarımfinalda ağır yıxıldıqdan sonra xəstəxanaya aparılıb və tatamiyə çıxa bilməyib. Nəticədə Puliz həlledici görüş keçirmədən bürünc medal qazanıb.
Bu, xorvatiyalı cüdoçunun böyüklər arasında dünya çempionatında ilk podiumu olub. Bundan əlavə, o, qadınlar arasında dünya çempionatında medal qazanan Xorvatiyanın yalnız üçüncü nümayəndəsidir. Ondan əvvəl bu uğura Barbara Matiç və Lara Svetko nail olub.
Atadan gələn bürünc və oğulun çempion olmaq arzusu
Azərbaycan millisinin heyətində də emosional hekayə yaşanıb.
Rəşid Məmmədəliyev karyerasında ilk dəfə böyüklər arasında dünya çempionatının medalını qazanıb. Bürünc medal uğrunda görüşdə o, braziliyalı Daniel Kargninlə qarşılaşıb.
Görüş “Golden Score”a qədər uzanıb və əlavə vaxtda təxminən üç dəqiqə yarım davam edib. Sonda braziliyalı üçüncü xəbərdarlığı alıb və Məmmədəliyev Azərbaycana doğma dünya çempionatında Əhməd Yusifovun qızıl medalından sonra ikinci medalı qazandırıb.
Mükafatlandırmadan sonra Məmmədəliyev İdman.Biz-ə şəxsi arzusundan da danışıb. Cüdoçu gələcəkdə oğlunun da bu idman növünü seçməsini istəyir.
İdmançının sözlərinə görə, o, oğlunu özü hazırlamaq və bir gün onun Avropa, dünya və Olimpiya çempionu olduğunu görmək arzusundadır.
Yeni adların günü
Ümumilikdə dünya çempionatının üçüncü günü debüt uğurları ilə yadda qalıb. Həm 73 kq çəki dərəcəsində Ryuqa Tanaka, həm də 57 kq-da Akari Omori karyeralarında ilk dəfə böyüklər arasında dünya çempionatının podiumuna yüksəlib və dərhal qızıl medal qazanıblar.
Rəşid Məmmədəliyev, Dayyan Bulemtаfes, serbiyalı Maritsa Perişiç və xorvatiyalı Ana Viktoriya Puliz də böyüklər arasında ilk dünya medallarını əldə ediblər.
Üç yarış günündən sonra Yaponiya beş qızıl və iki bürünc medalla inamla liderlik edir. Azərbaycan bir qızıl və bir bürünc medalla ikinci, İspaniya isə iki gümüş və bir bürünc medalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatı bu gün - oktyabrın 7-də kişilər arasında 81 kq, qadınlar arasında isə 63 kq çəki dərəcələrində yarışlarla davam edəcək.
