“Kotsoyevlə mümkün görüş ciddi sınaq olacaq” - Dota Arainin İDMAN.BİZ-ə EKSKLÜZİV MÜSAHİBƏSİ

13 Fevral 2026 12:27
142
“Kotsoyevlə mümkün görüş ciddi sınaq olacaq” - Dota Arainin İDMAN.BİZ-ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Dota Arai sürətlə dünya cüdo elitinə daxil olub. Böyüklər səviyyəsinə keçdikdən sonra o, keçən il Bakıda keçirilən “Böyük Dəbilqə” turnirlərində ilk qələbəsini qazanıb. Ümumilikdə, onun aktivində artıq Dünya Turu mərhələlərində üç qızıl medal var. Bu, 100 kiloqramadək çəkidə çıxış edən Araini Bakıda keçiriləcək dünya çempionatının favoritlərindən birinə çevirir.

İdman.Biz 21 yaşlı istedadlı yaponiyalı cüdoçu Dota Arai ilə müsahibə edib.

- Mövsümə Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində qələbə ilə başladınız. Bu nəticəni bütün il üçün yaxşı göstərici kimi qiymətləndirirsinizmi?

- Əlbəttə, “Böyük Dəbilqə” çox önəmli start idi. Xüsusilə Parisdə keçirilən turnir - Tokiodan sonra Dünya Turunun ən prestijli mərhələlərindən biridir. Oradakı uğur mənə böyük inam verdi və göstərdi ki, hazırlıq düzgün aparılıb. Amma başa düşürəm ki, bu ilin hələ başlanğıcıdır və qarşıda daha ciddi sınaqlar var.

- İndi bütün diqqət Bakıda keçiriləcək dünya çempionatına yönəlib. Oraya necə hazırlaşacaqsınız?

- Bakıya hazırlıq sistemli olacaq. Taktikaya, potensial rəqiblərin analizinə və fiziki hazırlığa xüsusi diqqət yetirəcəyik. “Golden score” döyüşünə və matç boyunca tempin qorunmasına önəm verəcəyik. Çempionata yalnız fiziki olaraq deyil, həm də düzgün psixoloji vəziyyətdə hazır olmaq vacibdir.

- Qələbələrinizi qeyri-adi şəkildə - beysbol çubuğu ilə topa vurmaqla qeyd edirsiniz. Bu ənənə necə yaranıb?

- Uşaq vaxtı beysbolu çox sevirdim və bu jest həmin dövrlərdən xatirədir. Mənim üçün bu “şansımı dəyərləndirdim” və fürsəti reallaşdırmaq simvoludur. Bu, heç kimi incitmək niyyəti deyil, sadəcə ağır döyüşdən sonra sevinc və emosiyaları ifadə etməkdir.

- 100 kq çəkidə liderlərdən biri Olimpiya çempionu Zelim Kotsoyevdir. Onunla görüşü gözləyirsiniz?

- Əlbəttə. Kotsoyev bu çəkidə ən güclü cüdoçulardan biridir. O, həm fiziki, həm də taktiki cəhətdən çox güclüdür. Belə səviyyəli rəqiblərlə döyüşlər mənim üçün motivasiya və inkişaf fürsətidir. Əgər biz qarşılaşacağıqsa, bu, ciddi sınaq olacaq.

- Ümumilikdə Azərbaycan millisindən nə gözləyirsiniz? Onlar evdə keçiriləcək dünya çempionatında Yaponiya ilə rəqabət apara bilərlərmi?

- Son illərdə Azərbaycan millisinin səviyyəsi xeyli yüksəlib. Bir neçə çəki kateqoriyasında güclü liderləri var və ev tribunalarının dəstəyi əlavə motivasiya verir. Hesab edirəm ki, ev sahibi olduğu tatamidə xüsusilə təhlükəli ola bilərlər. Dünya cüdosunda rəqabət çox yüksəkdir və istənilən güclü komanda liderlik uğrunda mübarizə apara bilər.

- Bu il Olimpiadaya seçmə mərhələ də başlayır. Ən yaxın illərdə Los-Ancelesdə iştirak etmək əsas məqsədinizdir?

- Bəli, əlbəttə. Olimpiya hər idmançının əsas hədəfidir. Ora yol uzun və çətindir, və vacib olan bütün seçmə dövr ərzində stabilliyi qorumaqdır. Mən addım-addım bu xəyala doğru gedib Yaponiyanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam.

İdman.Biz