Bu gecə Azərbaycan yığmasının cüdoçuları “Böyük Dəbilqə” seriyasına aid nüfuzlu “Paris Grand Slam” turnirində iştirak etmək üçün Parisə yola düşür.
Komandanın yola düşməsindən əvvəl İdman.Biz Azərbaycan yığmasının baş məşqçisi, Avropa və dünya çempionu Elxan Məmmədovla söhbət edib və səkkiz cüdoçumuzun çıxışından gözləntilərini öyrənib.
“Bildiyiniz kimi, “Paris Grand Slam” “Böyük Dəbilqə” seriyasında iştirakçı heyətinin gücünə görə ən mötəbər turnirdir. Təsadüfi deyil ki, onu “kiçik dünya çempionatı” adlandırırlar. Bu dəfə komandamız Fransaya öz liderləri - olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev, eləcə də Avropa çempionu Elcan Hacıyev olmadan yollanır. Onlar müxtəlif səbəblərdən bu startı buraxırlar.
Buna baxmayaraq, ən azı üç çəki dərəcəsində – 60 kq, 81 kq və +100 kq-da uğurlu çıxış üçün yaxşı şanslarımız var. Balabəy Ağayev (60 kq) bu turnirdə artıq iki dəfə qalib gəlib və niyə bunu üçüncü dəfə etməsin? Baxmayaraq ki, indi qalib gəlmək çox çətin olacaq – təkcə onun üçün yox, digərləri üçün də. Yapon və rus cüdoçular demək olar ki, ən güclü heyətlə çıxış edəcəklər, fransızlar isə öz evlərində həmişə əlavə motivasiyaya malik olurlar”, – deyə Elxan Məmmədov qeyd edib.
