Dekabrın 4-də qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi keçirilib.
İdman.Biz bildirir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak ediblər.
Püşkatmanın nəticələrinə əsasən cüdoçuların ilk rəqibləri müəyyənləşib.
Bakı İdman Sarayında keçiriləcək yarışda 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində qüvvəsini sınayacaq.
5–6 dekabrda fərdi, 7 dekabrda isə komanda yarışları baş tutacaq. Hər gün saat 10:00-da təsnifat görüşləri, 17:00-da isə final blokları keçiriləcək.
