Qadın həndbolu sovet dövründə Azərbaycanda komanda idman növləri arasında ən uğurlu sahələrdən biri idi. Həndbol klublarımız SSRİ çempionatlarında mütəmadi olaraq medal qazanır, azərbaycanlı idmançılar isə SSRİ yığmasının heyətində çıxış edirdilər.
Bu idmançılardan biri də 1976-cı ildə SSRİ yığması ilə Olimpiya çempionu olan, 1983-cü ildə isə “Avtomobilist” (Bakı) komandası ilə İHF Kubokunun qalibi adını qazanan Lüdmila Şubina idi.
Hazırda “Qarabağ” həndbol klubunun prezidenti olan Lüdmila Şubina İdman.Biz-ə müsahibəsində həm komandasının, həm də ölkə həndbolunun vəziyyətindən danışıb.
- “Qarabağ”ın hazırkı durumu necədir?
- Təəssüf ki, yaxşı deyil. İki il əvvəl həm ölkə çempionu, həm də kubokun qalibi olduq. Keçən mövsüm yalnız “Azəryol”a uduzaraq gümüş medalla kifayətləndik. Amma bu il ilk “üçlüy”ə belə düşəcəyimizə əmin deyiləm.
- Niyə belə düşünürsünüz? Axı çempionatda cəmi altı komanda var.
- Çünki ən yaxşı oyunçularımız “Azəryol”a keçib, indi o komandanı gücləndirirlər. Bizdə əsasən gənc, təcrübəsiz oyunçular qalıb.
- Amma komandanızda 20 yaşdan yuxarı həndbolçular da var...
- Bəli, var, amma bu kifayət etmir. Komanda mütəmadi oyun təcrübəsi qazanmalıdır. Yalnız daxili turnirlərlə inkişaf mümkün deyil. Yığma da eyni vəziyyətdədir. Bu gün öyrəndik ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyik. Klublarımız isə avrokuboklarda ilk mərhələdən kənarlaşdı.
Halbuki biz vaxtilə Avropada qalib gəlirdik – düz 1983-cü ildə! Əgər beynəlxalq səviyyədə oynamasaq, növbəti 40 ildə də qələbə görməyəcəyik. Üstəlik, məşqçiləri də saxlaya bilmirik. Məsələn, komandanın keçmiş baş məşqçisi, Sergey Kamburla çempion olmuşduq, amma o, Belarusiyaya köçdü.
- Amma o, U-17 yığmamızın da baş məşqçisi idi və komanda 2023-cü ildə Bakıda keçirilən Avropa çempionatında uğursuz çıxış etmişdi.
- Düzdür, amma klubda onun rəhbərliyi ilə nəticələrimiz yaxşı idi. Yığmanın vəziyyəti isə başqa məsələdir. Hətta böyüklərdən ibarət milli komandamız üçün də bu günlər çox keçir. İslam Oyunlarında Türkiyə və Mərakeş kimi güclü rəqiblərlə qarşılaşacağıq. Düzünü desəm, bu gün Tacikistan belə bizdən güclüdür.
- Amma idmanda hər şey mümkündür...
- Elə mən də qızlara həmişə bunu deyirəm. Baxın, futbol üzrə “Qarabağ” nə etdi! Bir neçə ay əvvəl heç kim inanmırdı ki, onlar nəinki Çempionlar Liqasına vəsiqə qazanacaq, üstəlik, orada uğurlu çıxış edəcəklər. Sadəcə, futbol “Qarabağ”ının beynəlxalq oyun təcrübəsi var. Biz də inkişaf etmək istəyiriksə, mütəmadi oynamağa və təcrübə qazanmağa məcburuq.
Vüqar Vüqarlı