Noyabrda Gəncədə keçiriləcək aerobika üzrə Avropa çempionatı və bu idman növü üzrə yaş qrupları arasında Avropa yarışlarının püşkatma mərasimi baş tutub.
İdman.biz xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, hər iki yarışda mübarizəyə portuqaliyalı gimnastlar start verəcəklər.
Onlar qadınlar arasında fərdi proqramda birinci nömrə altında çıxış edəcəklər. Azərbaycan gimnastları bu proqramda 18-ci sırada mübarizəyə başlayacaqlar.
Hazırda iştirakçı komandaların təqdim etdiyi siyahılar ilkin xarakter daşıyır, idmançıların adları daha sonra açıqlanacaq.
Gəncədə ev sahibi Azərbaycanla yanaşı, daha 20 ölkənin komandaları iştirak edəcək: Avstriya, Bolqarıstan, Çexiya, İspaniya, Finlandiya, Estoniya, Fransa, Böyük Britaniya, Almaniya, Macarıstan, İtaliya, Litva, Yunanıstan, Moldova, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə və Ukrayna.
Avropa çempionatında ümumilikdə 281 idmançı çıxış edəcək, yaş qrupları üzrə yarışlarda isə 658 gənc gücünü sınayacaq.
Təqvimə görə, Avropa çempionatı noyabrın 14-16-da Gəncədə baş tutacaq. Bundan əvvəl - ayın 9-11-də isə 15 yaşadək iştirakçılar arasında yaş qrupları üzrə Avropa yarışları keçiriləcək.
Qeyd edək ki, Gəncə gimnastika üzrə rəsmi beynəlxalq yarışlara ilk dəfə ev sahibliyi edəcək.
İdman.biz