Mingəçevirli gimnastlar Bakıda təlim-məşq toplanışında - FOTO

Xəbərlər
28 Noyabr 2023 17:12
206
Mingəçevirli gimnastlar Bakıda təlim-məşq toplanışında - FOTO

Azərbaycan Gimnastika Federasiyası regionlarda bədii gimnastikanın inkişafı layihəsini davam etdirir.

İdman.biz xəbər verir ki, bu, təkcə Bakıdan mütəxəssislərin rayonlara səfərləri və masterklassların təşkilini deyil, həm də ölkənin müxtəlif bölgələrindən perspektivli idmançıların paytaxta toplanışa dəvət olunmasını nəzərdə tutur.

Mingəçevirdən "Kür" İdman-Tədris Mərkəzini və "Qədiroğlu" klubunu təmsil edən gənc idmançılar Milli Gimnastika Arenasında hazırlığa başlayıb.

"Kür" bazasında bədii gimnastika bölməsinin məşqçisi Aygül Babaşova bildirib ki, bölmə 2014-cü ildən fəaliyyət göstərir: "Ötən il biz artıq Milli Gimnastika Arenasında toplanışlarda olmuşuq. Bu, bizim ikinci səfərimizdir. Həftə ərzində idmançılar Bakıda məşq edəcək, təcrübə və bacarıq qazanacaqlar. Burada 10 gimnast var, ən kiçiyi 6 yaşındadır. Qızlar çətin elementləri icra edəcək, alətlərə işləyəcək və düşünürəm ki, belə gözəl bir atmosferdə hazırlıq yüksək səviyyədə keçəcək. Gimnastlarımızın daxili və beynəlxalq yarışlarda özlərini göstərəcəklərinə inanıram".

"Qədiroğlu" klubunun məşqçisi Fidan Əhmədova da yetirmələrinin arenaya ikinci səfəri olduğunu deyib: “Bu dəfə toplanışa 5 gənc gimnast gətirilib. Klubumuz 2020-ci ildən fəaliyyət göstərir, 4 yaşından qızları bölməyə qəbul edirik".

Məşqçilər, həmçinin Milli Gimnastika Arenasında təlim-məşq toplanışı üçün hər cür şəraitin yaradılmasına görə federasiyaya təşəkkür edib.

Qeyd edək ki, ötən həftə Bakıda Gəncə, Masallı və Lənkərandan olan gimanstlar hazırlıq keçib.

Zəki Feyzullayev

İdman.biz