Nurlana Məmmədzadə: “Bədii gimnastika üzrə dünya çempionatını ən yüksək səviyyədə təşkil edəcəyik”

21 Avqust 2026 14:17
78
Nurlana Məmmədzadə: “Bədii gimnastika üzrə dünya çempionatını ən yüksək səviyyədə təşkil edəcəyik”

“Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatını ən yüksək səviyyədə təşkil edəcək”.

Bunu AGF-nin baş katibi Nurlana Məmmədzadə Azərbaycanda 2027-ci ildə keçiriləcək yarışla bağlı deyib.

O, 2027-ci ildə Bakının üçüncü dəfə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

“2023-cü ildə dünya çempionatının keçirilməsi Azərbaycana həvalə olundu. 2026-cı ildə isə növbəti ev sahibi kimi bayraq Azərbaycana ötürüldü. Olimpiya növlərində dünya çempionatı idmançılar üçün ən mötəbər yarışlardan biridir. Azərbaycanın bu cür mötəbər turnirlərin təşkilində böyük təcrübəsi var. 2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu idman növünün dirçəlişi başladı. Bakı 2005 və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatlarına ev sahibliyi edib”, - deyə o report.az-a açıqlamasında söyləyib.

AGF rəsmisi təşkilatçılıq təcrübəsinə baxmayaraq, məsuliyyətin hər zaman hiss olunduğunu vurğulayıb:

“Hazırda idmanın təqdimatında və yarışların təşkilində daim yeniliklər baş verir. Təşkilatçı olaraq bu yenilikləri nəzərə almağa və üzərimizə düşən öhdəlikləri yerinə yetirərək yarışı yüksək səviyyədə təşkil etməyə çalışacağıq. Digər tərəfdən, bu yarış 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Xatırladım ki, 2019-cu ildə də Bakıda keçirilən dünya çempionatı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Dünya Gimnastikası ilə əməkdaşlıq çərçivəsində uğurlu və yaddaqalan çempionat keçirəcəyimizə inanırıq”.

N.Məmmədzadə hər bir beynəlxalq yarışın Azərbaycanın idman ölkəsi kimi tanınmasına və gimnastikaya marağın artmasına xidmət etdiyini bildirib:

“Millimiz üçün də bu yarış xüsusi əhəmiyyət kəsb edir. Çünki onlar dünya çempionatında “doğma divarlar” arasında çıxış edəcəklər. Tamaşaçıların dəstəyi, ümid edirik ki, onların nəticələrinə müsbət təsir göstərəcək. Son dünya çempionatında 73 ölkə iştirak edib. Bakıda keçiriləcək dünya çempionatında daha çox lisenziyanın oynanılacağını nəzərə alsaq, ölkələrin sayının bundan artıq olacağı gözlənilir. Bundan əlavə, Azərbaycana səfər edəcək azarkeşlərin sayı da kifayət qədər olacaq. Bütün bunlar ölkəmizdə idmanın populyarlaşmasına xidmət etməklə yanaşı, Azərbaycanın idman ölkəsi kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərir”.

Qeyd edək ki, bədii gimnastika üzrə 43-cü dünya çempionatı 2027-ci il sentyabrın 15-dən 19-na qədər Azərbaycanda keçiriləcək.

İdman.Biz