Adil Hacızadə: “Həlledici çıxışdan öncə elementləri çətinləşdirdim”

Xəbərlər
25 Fevral 2024 16:23
177
Adil Hacızadə: “Həlledici çıxışdan öncə elementləri çətinləşdirdim”

"Bu mənim böyüklər arasında ilk medalımdır. İnanılmaz qürur hissi keçirirəm".

İdman.biz xəbər verir ki, bunu Bakıda təşkil olunan Dünya kubokunda gümüş medal qazanan Adil Hacızadə deyib.

Tamblinq növündə fəxri kürsüdə yer alan Adil turnirdəki çıxışını dəyərləndirib: "Əvvəlcədən elə bir proqram həyata keçirməyi fikirləşirdim ki, həm onu təmiz yerinə yetirim, həm də onun mənə yaxşı xal qazandıracağını öyrənim. Amma yarışın gedişində rəqiblərin çıxışını izlərkən planım dəyişdi. Ona görə, həlledici çıxışdan öncə elementləri çətinləşdirdim və hər şey uğurlu alındı".

Hacızadə Dünya kubokundan əldə olunan uğurların ona gələcək yarışlarda kömək edəcəyini bildirib: "Azarkeşlərin dəstəyini hiss edirdim, mənə yalnız uğurlu çıxış etmək qalırdı. Dünya kubokunda qazanılan gümüş medal mənə özünəinam verəcək. İlin ilk turnirində fərqləndiyimə görə şadam və bu, mənə qarşıdakı yarışlarda əlavə motivasiyadır".

Qeyd edək ki, Dünya kubokunun tamblinq yarışlarında Mixail Malkin qızıl, Adil Hacızadə gümüş medal qazanıb.

İdman.biz