16-17 dekabr tarixlərində Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə isə doqquzuncu ölkə çempionatı və Bakı birinciliyi uğurla təşkil olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin müxtəlif klublarını təmsil edən gimnastlar iştirak ediblər. İdmançılar uşaqlar (2014), kiçiklər (2015-2016), balacalar (2017-2018), yeniyetmələr (2011-2012), gənclər (2008-2009-2010) və böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə çıxış ediblər.
Yarışın ilk günündə gimnastlar fərdi çoxnövçülük proqramı üzrə bacarıqlarını nümayiş etdiriblər. İkinci gün isə idmançılar ayrı-ayrı alətlərdə - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər üzrə mübarizəni davam etdiriblər.
Yarışın yekununda hər yaş kateqoriyası və proqram üzrə ən yüksək nəticə göstərən gimnastlar müəyyənləşdirilərək mükafatlandırılıblar. Ölkə çempionatı və Bakı birinciliyi gənc gimnastların inkişafı, yarış təcrübəsinin artırılması və Azərbaycan gimnastikasının ümumi səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.














İslam Atakişiyev
