"Onlara futbol xəbərləri yox, fantastik hekayələr yazmağı məsləhət görərdim" – Elmar Baxşıyevin İDMAN.BİZ-ə AÇIQLAMASI – YENİLƏNİB

16 Dekabr 2025 17:28
480
"Onlara futbol xəbərləri yox, fantastik hekayələr yazmağı məsləhət görərdim" – Elmar Baxşıyevin İDMAN.BİZ-ə AÇIQLAMASI – YENİLƏNİB

Elmar Baxşıyev mətbuatda yazılan məlumatları təkzib edib.

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev mətbuatda yayılan, onun klubun qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilməsi təklifini qəbul etmədiyi və 75 min manat məbləğində kompensasiya tələb etdiyi barədə məlumatlara münasibət bildirib.

Mütəxəssis İdman.Biz-ə açıqlamasında dərc edilən xəbərləri təkzib edib.

“Bu məsələ ilə bağlı nə mənə hər hansı təklif olub, nə də ümumiyyətlə klubla aramızda belə söhbət gedib! Bu cür xəbərləri kimlərin vaxtaşırı uydurduğunu bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, həmin şəxslərin klubumuzla bağlı bilikləri bəlkə də kasaddır, amma fantaziyaları olduqca zəngindir. Mən onlara futbol və ya “Araz-Naxçıvan” klubu haqqında xəbərlər yox, fantastik hekayələr yazmağı məsləhət görərdim”, - deyə Elmar Baxşıyev bildirib.

Vüqar Vüqarlı

13:19

“Araz-Naxçıvan” klubunda baş məşqçi Elmar Baxşıyevlə bağlı vəziyyət daha da mürəkkəbləşib.

İdman.Biz xəbər verir ki, sportinfo.az saytı mütəxəssisin öz istəyi ilə vəzifəsindən ayrılmaqdan imtina etdiyini və yalnız təzminat ödəniləcəyi halda klubla yollarını ayıracağını rəhbərliyə çatdırdığını yazıb.

“Araz-Naxçıvan”la müqaviləsi 2026-cı ilin iyununadək qüvvədə olan Baxşıyev müqavilənin qarşılıqlı razılaşma əsasında ləğvi təklifini qəbul etməyib və 75 min manat kompensasiya istəyib.

Komandanın son məğlubiyyətini (1:5) Suraxanı stadionundan canlı izləyən Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov zəif və müqavimətsiz matçdan ciddi narazı qalıb, komandanın bu cür aciz görünməsini “qəbuledilməz” adlandırıb.

Federasiya rəhbəri qeyd edib ki, “Araz-Naxçıvan”ın indiki durumu onu qətiyyən qane etmir və komandanın geriləməsinin əsas səbəblərindən biri məhz baş məşqçidir. Onun sözlərinə görə, Baxşıyev vəzifədə qaldığı müddətdə kollektivin toparlanacağına və uğurlu nəticələr qazanacağına inam demək olar ki, qalmayıb.

İdman.Biz