272 sakini olan kəndin futbol klubu yüksək liqaya vəsiqə qazandı

24 Noyabr 2026 22:16
36
272 sakini olan kəndin futbol klubu yüksək liqaya vəsiqə qazandı

Belarus futbolunda mövsümün ən böyük sensasiyalarından biri gerçəkləşib. Brest vilayətinin Dolbizno kəndini təmsil edən “Niva” klubu ölkənin yüksək liqasına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda birinci liqanın sonuncu, 34-cü turunda Minsk “Dinamo”sunun əvəzedici heyətini 1:0 hesabı ilə məğlub edərək çempion olub. Qarşılaşmanın yeganə qolunu 66-cı dəqiqədə Mixail Qordeyçuk penaltidən vurub.

“Niva” mövsümü 74 xalla başa vuraraq ən yaxın izləyicisi “Lida”nı iki xal qabaqlayıb. Komanda 34 qarşılaşmada 23 qələbə qazanıb, beş heç-heçə edib və altı məğlubiyyət alıb. Rəqib qapılarından 86 top keçirən kənd təmsilçisi 39 qol buraxıb.

Polşa sərhədindən yeddi kilometr məsafədə yerləşən Dolbiznonun 2019-cu il siyahıyaalınmasına əsasən cəmi 272 sakini olub. Maraqlıdır ki, “Niva”nın çempionluğunu rəsmiləşdirdiyi qarşılaşmanı stadiondan 980 tamaşaçı izləyib.

Klub 2005-ci ildə yerli sahibkar, “AqroNiva” kənd təsərrüfatı müəssisəsinin rəhbəri Viktor Bobr tərəfindən yaradılıb. Uzun müddət həvəskar səviyyədə çıxış edən komanda 2021-ci ildə ikinci liqaya qoşulub, 2022-ci ildə həmin turnirin qalibi olub, 2023-cü ildə isə birinci liqada debüt edib.

“Niva”nın yüksək liqada iştirakı üçün qarşıda sonuncu maneə qalıb. Klub Belarus Futbol Federasiyasının lisenziyalaşdırma tələblərinə cavab verməlidir.

Klub rəhbərliyi ev oyunlarını məhz Dolbiznoda keçirmək istəyir. Bunun üçün kənd stadionunda yeni tribunaların tikintisi davam etdirilir.

İdman.Biz