PSJ-nin hücumçusu Dezire Duenin sağ dizinin ön çarpaz bağlarının qopması onun karyerasına uzunmüddətli təsir göstərə bilər.
İdman.Biz xəbər verir ki, idman fizioterapevti Florian Forelli bu cür zədə alan futbolçuların əvvəlki oyun səviyyəsinə qayıtması üçün iki-üç il lazım ola biləcəyini açıqlayıb.
“Futbolçular bizdən meydana nə vaxt qayıda biləcəklərini soruşurlar. Biz onlara səkkiz aydan 12 aya qədər vaxt lazım olduğunu deyə bilərik. Amma əvvəlki səviyyələrinə nə vaxt qayıdacaqlarını soruşmurlar. Çünki bu proses orta hesabla iki-üç il çəkir”, - deyə mütəxəssis vurğulayıb.
Forelli ön çarpaz bağların qopmasının futbolçular üçün ciddi psixoloji travma olduğunu da qeyd edərək reabilitasiya dövründə psixoloji dəstəyin vacibliyini önə çəkib.
PSJ Duenin noyabrın sonunadək əməliyyat olunacağını təsdiqləyib. Lakin Paris klubu futbolçunun meydana qayıdacağı tarixlə bağlı rəsmi məlumat verməyib.
