“Komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə” - Marian Kolevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
27 Oktyabr 2025 13:19
61
“Komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə” - Marian Kolevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Gəncəyə yola düşüb. Məhz burada yığma komanda noyabrın 14-16-da keçiriləcək Avropa çempionatı və noyabrın 9-11-də baş tutacaq Avropa yaş qrupları üzrə yarışları öncəsi son hazırlıq mərhələsini keçirəcək.

Bu yarış Gəncə üçün də mühüm hadisə sayılır - şəhər III MDB Oyunlarından sonra daha bir böyük idman tədbirinə ev sahibliyi edəcək.

Aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi Marian Kolev qarşıdakı məqsədlər və komandanın hazırlıq prosesi barədə İdman.biz-ə müsahibə verib.

- Starta iki həftə qalıb. Komandanın son yarışa hazırlıq səviyyəsi necədir?

- Artıq bir neçə gündür Gəncədəyik. İdmançıların vəziyyəti normaldır. Ümid edirik ki, yarışlara qədər qalan bu son həftələr uğurlu keçəcək. Ən vacibi odur ki, hamı sağlam olsun və zədələrdən uzaq qalaq.

- İlk dəfədir ki, Avropa çempionatı gimnastika növü üzrə Bakıda deyil, regionda keçiriləcək. Bu, əlavə həyəcan yaradırmı?

- Bizim üçün əsas məsələ işimizi mükəmməl görmək və uğurlu nəticə qazanmaqdır. Bilirik ki, Azərbaycan Gimnastika Federasiyası hər zaman olduğu kimi, yarışın yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək. Buna görə də hamımız sakitik və bu baxımdan komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə.

- Avropa çempionatında favoritlərdən biri Vladimir Dolmatov və Mədinə Mustafayevanın cütlüyüdür. Onları “qızıl”ın əsas namizədləri saymaq olarmı?

- Onların dünya çempionatı və Ümumdünya Oyunlarında qazandığı gümüş medalları nəzərə alsaq, bəli, bu cütlüyü liderlər sırasına aid etmək olar. Amma Avropada çox güclü cütlüklər var və rəqabət çox ciddi olacaq. Hər şey onların özündən asılıdır – Vladimir və Mədinə potensiallarını göstərməli və mükəmməl çıxış etməlidirlər. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.

- Onların Çenduda keçirilən Ümumdünya Oyunlarındakı çıxışını dünya çempionatı ilə müqayisə etmək olarmı? Orada da ikinci olmuşdular, amma rəqabət daha sərt idimi?

- Bu yarışlar demək olar eyni səviyyədədir. Çünki Ümumdünya Oyunlarında iştirak hüququ yalnız dünya çempionatında ilk üçlüyə daxil olanlara verilir. Məhz buna görə də Çenduda hər növ üzrə cəmi dünyanın altı ən güclü komandası çıxış etdi və onların yalnız dördü finala keçə bildi. Yarışlar çox ağır keçdi və biz çox şadıq ki, Dolmatov və Mustafayeva medal qazana bildilər. Bu nəticə son dərəcə önəmlidir, çünki Ümumdünya Oyunları - olimpiya proqramına daxil olmayan idman növləri üçün Olimpiada sayılır.

- Yığmanın heyəti artıq müəyyənləşib. Ümumilikdə nəyə ümid edə bilərik?

- Bəli, heyət formalaşıb. Biz fərdi çıxışlarda, trio yarışlarında və qarışıq cütlüklərdə təmsil olunacağıq. Əvvəlcə qrup yarışlarında da iştirak etməyi planlaşdırırdıq, lakin idmançılardan birində sağlamlıq problemi yarandı. Komandanın son sınağı Plovdivdəki turnir oldu, indi isə bütün diqqətimizi Gəncədə uğurlu çıxışa yönəltmişik.

- Yaş qrupları üzrə yarışlarda gimnastlarımızın şansı necə qiymətləndirilir?

- Hazırda 15 yaşadək yeniyetmələrdən ibarət komanda və 12-14 yaşlılardan ibarət qrup starta hazırlaşır. Yeniyetmələr fərdi çıxışlarda, həm qız, həm oğlanlar kateqoriyasında, eləcə də iki trio tərkibdə çıxış edəcəklər. Hazırlıqları yaxşı gedir və mən yaxşı nəticəyə ümid edirəm. Rəqabət çox yüksək olacaq, üstəlik, uşaqların bu səviyyəli yarışlarda hələ kifayət qədər təcrübəsi yoxdur. Amma “ev faktoru” onların xeyrinə işləyə bilər.

12-14 yaşlılara gəlincə, onlar cəmi bir-iki ildir aerobika ilə məşğuldurlar. Ümid edirik ki, proqramlarını yaxşı yerinə yetirib finala çıxmağı bacaracaqlar.

- Sizin şəxsi gözləntiləriniz nələrdir?

- Mənim üçün ən vacibi odur ki, bütün idmançılar sağlam olsun və hazırlıq prosesi uğurla keçsin. Əsas məsələ Gəncədə komanda ilboyu üzərində işlədiyi proqramı inamla təqdim etsin. Bu halda biz qarşıya qoyulan bütün məqsədlərə nail olacağıq.

Zəki Feyzullayev

İdman.Biz