“Bu qələbə gələcək oyunlar üçün açar oldu”.
İdman.Biz xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Abbasov Danimarkanı 4:2 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.
O, yığmanı dəstəkləyən azarkeşlərə təşəkkür edib:
“İki fərqi oyun oldu. Birinci görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda məğlub olduq. Nəzərə alsaq ki, milli 8 aydan çoxdur oyun keçirmir, üstəlik, heyətimizə yeni futzalçılar da cəlb olunub, müəyyən qədər anlaşılandır. Baş məşqçi oyunu analiz etdi, bizə də səhvlərimizi göstərdi və ikinci oyun üçün təlimatlarını verdi. Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı. Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidir. Baş məşqçi hər zaman məsləhət bilir ki, əgər özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim. Bu qələbə gələcək oyunlar üçün açar oldu. Əsas odur ki, özümüzə inanaq və çox çalışaq”.
Qeyd edək ki, komandalar arasında reallaşan ilk görüşdə rəqib 4:1 hesabı ilə qalib gəlib.
