Yanvarın 22-24-də Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunları öncəsi hazırlıq prosesi davam edir.
İdman.Biz xəbər verir ki, bunu yığmanın təcrübəli üzvü Oktay Rüstəmli Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, yanvarın 18-dən etibarən məşqlər qrafik üzrə həyata keçirilir və heyətdə gənc futzalçılar da yer alır:
“Baş məşqçinin müəyyən tələbləri var. Əsas istəyi müdafiədə diqqətli olmaq, səhvsiz oynamaq və sürətli hücuma çıxmaqdır. Elə etməliyik ki, top daha çox bizdə qalsın. Məşqlərdə bunların üzərində işləyirik. Standart vəziyyətlərlə bağlı da tapşırıqlar yerinə yetiririk”.
Milli üzvü qeyd edib ki, hazırlıq prosesində nəzəri məşğələlər də keçirilir və komandanın fiziki durumu yaxşı səviyyədədir:
“Çalışırıq ki, yeni ildə doğma meydanda keçirəcəyimiz ilk oyunları qələbə ilə başa vuraq. Düzdür, yoldaşlıq oyunları rəsmi matçlara hazırlıq üçündür və bəzən nəticə ikinci plana keçir. Əsas məqsəd baş məşqçinin istədiklərini meydanda icra etməkdir”.
O.Rüstəmli Danimarka millisinin son illərdə inkişaf etdiyini vurğulayıb:
“Rəqibin oyununu izləmişik. Baş məşqçimiz analiz edib, videoları göstərib, zəif tərəflərini izah edib. Çətin oyun olacaq, amma azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Danimarka yığması reytinqdə Azərbaycan millisindən geridə olduğu üçün DÇ-2028-in ilkin mərhələsindən mübarizəyə başlayacaq.
