“Euronews”: “Formula-1” Bakının əsas turizm hadisələrindən birinə çevrilib - VİDEO

6 Oktyabr 2026 00:13
74
“Euronews”: “Formula-1” Bakının əsas turizm hadisələrindən birinə çevrilib

Tarixdə 10-cu dəfə keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi paytaxta minlərlə xarici qonaq cəlb edərək Bakının əsas turizm hadisələrindən birinə çevrilib.

“İdman.Biz” xəbər verir ki, bu barədə “Euronews” telekanalının Azərbaycandakı yubiley mərhələsinə həsr olunmuş süjetində bildirilib.

Telekanal “Formula-1” yarışlarının turizm sənayesinə, mehmanxana biznesinə, pərakəndə ticarətə, xidmət sektoruna, məşğulluğa və ümumilikdə şəhərin iqtisadi fəallığına artan təsirinə diqqət çəkib.

“Yarış həftəsonu xarici qonaqları cəlb edərək mehmanxana biznesi, pərakəndə ticarət və digər xidmət sahələrində fəallığın kəskin artmasına səbəb olmaqla Bakının turizm təqviminin əsas hadisələrindən birinə çevrilib. 10-cu Azərbaycan Qran-prisi müasir şəhər trası ilə tarixi İçərişəhər arasındakı kontrastı da bir daha qabardıb”, – deyə süjetdə qeyd olunub.

Qran-prinin keçirildiyi dörd gün ərzində 92 mindən çox azarkeş girişi qeydə alınıb. Həmçinin 17 mindən çox xarici azarkeş yarışları tribunadan izləyib.

Bakı mərhələsinə maraq göstərənlərin coğrafiyası da geniş olub. Belə ki, yarışa biletləri 120-dən çox ölkədən olan tamaşaçılar əldə edib.

Bununla yanaşı, Qran-prinin təşkilinə minlərlə əməkdaş, könüllü və marşal cəlb olunub. “Euronews” vurğulayıb ki, yarışın genişmiqyaslı təşkili “Formula-1”in Bakı üçün iqtisadi və turizm əhəmiyyətini daha da artırıb.

İdman.Biz