“Uilliams” komandasının pilotu Aleks Albon “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, tailandlı pilot Bakıda keçiriləcək yarışla bağlı gözləntilərindən və komandanın hədəflərindən danışıb.
“Bakı trası bizim bolidə uyğundur. Orta və aşağı sürətli döngələrdə adətən yaxşı nəticə göstəririk. Uzun döngələri çox sevmirik. Amma bu trasda belə döngələr demək olar ki, yoxdur. Burada əvvəlki yarışlarda da kifayət qədər sabit çıxış etmişik. Ümid edirəm ki, bu dəfə də eyni nəticəni göstərə bilərik.
Özümüzə qarşı dürüst olmalıyıq. Kağız üzərində nə etməli olduğumuzu bilirik. Komanda mövsümün ortasında müsbət dəyişikliklər üçün böyük iş gördü. Maşının balansını yaxşılaşdıracaq bəzi kiçik dəyişikliklər etdik. Bu, asan deyildi.
Artıq “Red Bull”, “Alpin” və “Haas” komandaları ilə mübarizəyə qoşulmaq istəyirik. Əvvəlki yarışlarda onlardan uzaq idik. Ona görə də həmin komandalarla mübarizə aparmaq üçün hələ çox iş görməliyik”.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
