Şarl Lekler Bakı yarışı öncəsi “Ferrari” daxilindəki rəqabətdən danışdı - FOTO

23 Sentyabr 2026 14:28
56
Şarl Lekler Bakı yarışı öncəsi “Ferrari” daxilindəki rəqabətdən danışdı - FOTO

“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mətbuat konfransında çıxış edən monakolu pilot komanda yoldaşı Lüis Hemiltonla rəqabətindən və Bakı yarışına hazırlıq prosesindən danışıb.

“Hər şeyin həddindən artıq müzakirə olunması və belə mübarizələrdən sonra çıxarılan nəticələrin çox vaxt yanlış olması təbii prosesdir. Vəziyyəti anlamaq üçün sadəcə Lüislə danışmaq kifayətdir. Biz bütün həyatımız boyu bunu etmişik.

İkimiz də qalib gəlmək istəyirik və aramızda sağlam rəqabət var. Amma eyni zamanda komanda olaraq “Ferrari”nin üstün olmasını hədəfləyirik. Əsas prioritetimiz budur.

Lüislə mübarizə aparmaqdan zövq alıram və məhz həyəcanverici olan da budur. Formula 1-də ən həyəcanlı məqam ən yaxşılarla mübarizə aparmaqdır və Lüis də onların arasındadır. Mənim üçün bu, böyük çağırışdır, amma bundan zövq alıram.

Təsnifat mərhələsi yəqin ki, avtomobilin performansı baxımından ən çox çətinlik çəkdiyimiz hissədir. Əgər burada irəliləyiş əldə etsək, yarış üçün ümidlərim artacaq. Amma bunun haqqında düşünməzdən əvvəl hesab edirəm ki, həftəsonuna düzgün şəkildə hazırlaşmalıyıq.

Mərhələdən mərhələyə böyük fərqlər yaranır və bu, əsasən güc qurğusunu nə dərəcədə optimallaşdıra bilməyimizdən asılıdır. Tras şəraiti də burada böyük rol oynayacaq. Ona görə də diqqətimizi məhz buna yönəltməliyik.

Bakı trasında sürməkdən zövq alıram, əsasən şənbə günləri mənim üçün uğurlu keçir. Amma bazar günləri – əsas yarışlar daha çətin olub. Ümid edirəm ki, bu dəfə həmin çətinliyi aradan qaldıra biləcəyik”.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

İdman.Biz