Azərbaycan Qran-Prisinin tarixində iz qoyan beş pilot - FOTO

21 Sentyabr 2026 12:39
57
Azərbaycan Qran-Prisinin tarixində iz qoyan beş pilot - FOTO

2016-cı ildən etibarən Azərbaycanda keçirilən “Formula-1” Qran-prisi pilotlar və azarkeşlər üçün həyəcanlı anlarla yadda qalıb.

İdman.Biz xəbər verir ki, bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məqalə dərc edib.

Bildirilib ki, bu illər ərzində Azərbaycan Qran-prisinin tarixinə adını yazdıran pilotların hər birinin Bakı ilə bağlı öz hekayəsi formalaşıb.

İlk yarışın qalibi Niko Rosberq, Bakıda iki dəfə zəfər qazanan Maks Ferstappen, yeddiqat dünya çempionu Lyuis Hemilton, poul rekordçusu Şarl Lekler və beş podiumla fərqlənən Serxio Peres bu tarixdə xüsusi iz qoyan pilotlar sırasındadır.

Azərbaycan Qran-prisinin 10-cu yarışı ərəfəsində bu beş pilotun Bakı Şəhər Halqasında yaşadığı ən yaddaqalan anlara və nəticələrinə nəzər salırıq.

Niko Rosberq – Bakıda ilk “Formula-1” qalibi

“Formula-1” üzrə dünya çempionu Niko Rosberq Azərbaycan Qran-prisinin tarixində xüsusi yerə sahibdir. 2016-cı ildə paytaxtımızda keçirilən ilk “Formula-1” yarışının qalibi məhz almaniyalı pilot olub.

Rosberq həmin həftəsonu poul mövqeyini qazanıb, yarışın bütün dövrələrində liderliyini qoruyub, ən sürətli dövrəyə imza atıb və finiş xəttini birinci keçərək karyerasında ikinci dəfə “Böyük Dəbilqə”yə sahib çıxıb.

Niko Rosberq “Formula-1”də debütünü 2006-cı ildə Bəhreyn Qran-prisində edib. 2006-2009-cu illərdə “Williams”, 2010-2016-cı illərdə isə “Mercedes” komandasının heyətində çıxış edib. O, 1982-ci ildə “Formula-1” üzrə dünya çempionu olmuş Keke Rosberqin oğludur.

Bakıda qazandığı tarixi qələbədən sonra Rosberq 2016-cı il mövsümünün sonunda Əbu-Dabi Qran-prisində ikinci yeri tutaraq Lyuis Hemiltonu ümumi hesabda cəmi 5 xal qabaqlayıb və karyerasında ilk dəfə “Formula-1” üzrə dünya çempionu olub. Çempionluğunu rəsmiləşdirdikdən cəmi beş gün sonra isə Rosberq gözlənilmədən “Formula-1” karyerasını başa vurduğunu açıqlayıb.

Maks Ferstappen – Bakı ilə çətin başlayan hekayə

Dördqat “Formula-1” dünya çempionu Maks Ferstappen Bakıda ilk qələbəsini yalnız altıncı cəhdində qazanıb. 2016-cı ildən Bakı Şəhər Halqasında yarışan niderlandlı pilot ilk dəfə 2022-ci ildə finiş xəttini birinci keçib.

2025-ci ildə isə Ferstappen Bakıda ikinci qələbəsini qazanaraq poul mövqeyinə sahib olub, ən sürətli dövrəni vurub və yarışın bütün dövrələrində liderliyini qoruyaraq “Böyük Dəbilqə”yə imza atıb.

Ferstappenin Bakıdakı çıxışları dramatik anlarla da yadda qalıb. 2018-ci ildə “Red Bull”dakı komanda yoldaşı Daniel Rikkardo ilə toqquşma nəticəsində hər iki pilot mübarizəni dayandırıb. 2021-ci ildə isə Ferstappen yarışa liderlik etdiyi vaxt finişə cəmi bir neçə dövrə qalmış təkərinin partlaması nəticəsində qələbə şansını itirib və yarışı başa vura bilməyib.

Ferstappen “Formula-1”də debütünü 2015-ci ildə Avstraliya Qran-prisində edib. 2016-cı ildə isə 18 yaşında İspaniya Qran-prisini qazanaraq “Formula-1” tarixinin ən gənc yarış qalibi olub.

Lyuis Hemilton – Bakı küçələrində qələbə və dram

“Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton doqquz Bakı yarışında cəmi bir dəfə qələbə qazanıb.

Halbuki britaniyalı pilot buna hələ 2017-ci ildə çox yaxın idi. Pouldan başlayan Hemilton yarışa liderlik edirdi və qələbəyə doğru gedirdi. Lakin bolidində yaranan texniki problem onu pitə yollanmağa məcbur edib və mümkün qələbədən məhrum edib.

Bir il sonra Hemilton Bakıda revanş götürərək Azərbaycan Qran-prisinin qalibi olub. 2019-cu ildə isə ikinci yeri tutaraq yenidən podiuma yüksəlib.

Hemilton “Formula-1”də debütünü 2007-ci ildə edib və ilk mövsümündə çempionluğu cəmi bir xal fərqlə əldən verib. Karyerası ərzində yeddi dünya çempionluğu qazanıb.

Hemiltonun məşhur 44 nömrəsinin tarixi kartinq illərinə gedib çıxır. O, səkkiz yaşında yarışmağa başlayarkən atasının avtomobilinin qeydiyyat nişanındakı “44” rəqəmini seçib və sonradan bu nömrəni “Formula-1”də də qoruyub.

İndi isə Bakıda onun üçün yeni səhifə açılır. Görəsən, Lyuis Hemilton “Ferrari” ilə Bakı küçələrində yenidən fərqlənə biləcəkmi?

Şarl Lekler – Azərbaycan Qran-prisinin poul rekordçusu

Şarl Lekler Bakı Şəhər Halqasının poul rekordçusudur. “Ferrari” pilotu 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə Azərbaycan Qran-prisində poul mövqeyini qazanıb. Bakı tarixində heç bir pilot bunu bacarmayıb.

Bununla belə, Lekler Bakıda hələ qələbə qazana bilməyib. Onun ən yaxşı nəticəsi 2024-cü ildə tutduğu ikinci yerdir.

Lekler “Formula-1”də debüt etdiyi 2018-ci ildə “Sauber”lə Bakıda altıncı yeri tutub. 2019-cu ildə isə artıq “Ferrari”nin heyətində 1:43.009 nəticə ilə yarışın ən sürətli dövrəsinə imza atıb. Bu nəticə bu günədək Bakı Şəhər Halqasının rəsmi dövrə rekordu olaraq qalır.

2026-cı ildə isə əsas sual dəyişməz qalır: Şarl Lekler Bakıda poul seriyasını nəhayət qələbə ilə tamamlaya biləcəkmi?

Serxio Peres – “Bakı trekinin kralı”

“Formula-1”də “Çeko” kimi tanınan Serxio Peresin Azərbaycan Qran-prisi ilə xüsusi münasibəti var. Meksikalı pilot Bakıda 2021 və 2023-cü illərdə qalib gəlib, ümumilikdə isə beş dəfə podiuma yüksəlib.

Peres Bakı Şəhər Halqasında beş podium qazanan yeganə pilotdur və məhz bu nəticələr ona qeyri-rəsmi olaraq “Bakı trekinin kralı” adını qazandırıb.

Peres “Formula-1”də 2011-ci ildə “Sauber”lə debüt edib. Karyerası ərzində qazandığı 6 qələbənin ikisinə məhz Bakıda imza atıb. Azərbaycan Qran-prisi onun “Formula-1”də birdən çox dəfə qalib gəldiyi yeganə yarışdır.

2026-cı ildə isə “Çeko” Bakıya tamamilə fərqli statusda qayıdır. Birillik fasilədən sonra “Formula-1”ə dönən Peres bu dəfə yeni “Cadillac” komandasının bolidinin sükanı arxasında sevimli treklərindən birində mübarizə aparacaq. “Bakı trekinin kralı” yeni komandası ilə yenidən sürpriz edə biləcəkmi?

10 illik yubiley yarışı

Azərbaycan Qran-prisinin 10 illik tarixi ərzində Bakı Şəhər Halqası “Formula-1”in tanınmış pilotlarının qələbələrinə və maraqlı hadisələrə səhnə olub. Rosberqin ilk qələbəsindən Hemiltonun podiumlarına, Peresin Bakıdakı uğurlarından Leklerin rekordlarına və Ferstappenin iki qələbəsinə qədər hər bir pilot yarışın tarixində fərqli iz qoyub.

2026-cı ildə keçiriləcək 10-cu yubiley Qran-prisi isə bu tarixə yeni səhifə əlavə edəcək. Bakı Şəhər Halqasında daha bir “Formula-1” həftəsonu qarşıdadır və növbəti yaddaqalan nəticənin, qələbənin və ya rekordun kimə məxsus olacağını yarış göstərəcək.

İdman.Biz