Ferstappen yarış zamanı bilərəkdən geri çəkildiyini söyləyib

6 Sentyabr 2026 14:48
111
Ferstappen yarış zamanı bilərəkdən geri çəkildiyini söyləyib

“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen 2026 mövsümündə bəzi hallarda bilərəkdən maksimum risk etmədiyini etiraf edib.

İdman.Biz xəbər verir ki, niderlandlı pilot “Red Bull”un mövsüm ərzində üzləşdiyi problemlərin onun yarışlara yanaşmasına təsir etdiyini deyib. Verstappen bildirib ki, komanda çempionluq uğrunda mübarizə aparmadığı üçün hər mövqeyə əvvəlki kimi “hər şey və ya heç nə” prinsipi ilə yanaşmır.

“Bu il bir neçə dəfə bilərəkdən geri çəkildiyim olub. Yeddinci yer uğrunda mübarizə aparırsansa və nəyinsə səhv getmək ehtimalı varsa, özünü həddən artıq riskə atmağın mənası yoxdur”, - Ferstappen “RacingNews”a deyib.

O, mövsüm ərzində demək olar hər həftəsonu hansısa problemlə üzləşdiklərini də vurğulayıb. Ferstappen xüsusilə bolidin balanssızlığı, hoppanması və aerodinamik sabitliklə bağlı çətinliklərin tempə təsir etdiyini bildirib.

Niderlandlı sürücü problemlərin hamısının eyni dərəcədə təhlükəli olmadığını da qeyd edib. Onun sözlərinə görə, arxa qanadla bağlı qəfil aerodinamik qüvvə itkisi təhlükəli sayıla bilər, bolidin hoppanması isə daha çox dövrə vaxtının itirilməsinə səbəb olur.

Ferstappen buna baxmayaraq, komandadakı heç bir şəxsi ayrıca günahlandırmaq istəmədiyini söyləyib. O, “Red Bull”un böyük komanda olduğunu və hər kəsin əlindən gələni etdiyini, amma bu mövsüm çox şeyin lazımi səviyyədə işləmədiyini etiraf edib.

Qeyd edək ki, İtaliya Qran-prisinin təsnifat mərhələsində Ferstappen altıncı nəticəni göstərib.

İdman.Biz