Dördqat dünya çempionu və “Red Bull”un pilotu Maks Ferstappen qarşıdan gələn “Formula-1” mövsümü haqqında danışıb.
İdman.Biz xəbər verir ki, Ferstappen növbəti mövsümün onlar üçün asan olmayacağı qənaətindədir.
“Qələbələr uğrunda mübarizə apara biləcəyikmi? Zaman göstərəcək. Bu suala cavab vermək mənim üçün çətindir. Bilirəm ki, bütün gücümüzü işə həsr edəcəyik. Biz tempi qorumağa, əlimizdə olan imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışırıq. Amma əlbəttə ki, bizim üçün asan olmayacaq, bunu başa düşürük” – pilot deyib.
Ferstappen Avstriyanın “Red Bull” komandasının keçmiş məsləhətçisi Helmut Markonun gedişinə də münasibət bildirib.
“Helmut Markonun gedişi ilə bağlı Əbu-Dabi mərhələsindən sonra çox emosional söhbət etdik. Onsuz hər şey bir az fərqli olacaq. Amma bütün yaxşı şeylərin əvvəl-axır bir sonu var. Əgər Qratsa yolum düşsə, mütləq ona baş çəkəcəyəm. Birlikdə çox şeyə nail olmuşuq və bunu həmişə xatırlayacağıq” - Sky Sports Ferstappendən sitat gətirib.
