İtaliyanın Lonato şəhərində təşkil olunan dünya çempionatı azərbaycanlı kartinq pilotu Davin Cəfərov üçün çox gərgin keçib.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə yarışdan sonra açıqlama verib.
O, nəticəsini böyük nailliyyət hesab edib: “Bu səviyyəli yarışda, bu trekdə və BMB kateqoriyasında ilk dəfə iştirak edirdim. Təəssüf ki, yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Bu çətin çempionatda iştirak etmək üçün dünyanın hər yerindən beş kateqoriya üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarımfinala yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu səbəbdən yarışa 32-ci yerdən başlamağa məcbur oldum. Nəticədə 24 rəqibimi ötməklə yarışı səkkizinci sırada bitirdim. Yaş trekdə, çox arxadan başlayarkən buna nail olmaq həqiqətən çətindir. Mən 15 dövrəlik (laps) yarışda 24 pilotu keçə bildim ki, bu çox qısa müddətdir və bunu etmək çətindir. Ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir”.
D.Cəfərov hava şəraitinin də əlverişli olmadığını vurğulayıb: “Bir çox başqa pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdılar. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. İştirakçılar arasında dünya və Avropa çempionları var idi, həmçinin hava şəraiti yarışı çox çətinləşdirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında necə zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır”.
Qeyd edək ki, gənc pilot “International South Garda” trekində keçirilən 24-cü dünya kartinq çempionatında (World Grand Final) səkkizinci olub.