2025-ci ilin “Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Bakıya Avropa, Amerika, Asiya və Yaxın Şərqdən komandaların texniki heyəti və turistlər də daxil olmaqla təxminən 13 min şəxs gəlib.
İdman.biz xəbər verir ki, bu barədə “Euronews” telekanalının “Formula-1” üzrə Azərbaycan Qran-prisindən hazırladığı videosüjetdə deyilir.
Süjetdə bildirilir ki, mövsümün özünəməxsus traslarından biri sayılan Bakı şəhər treki bu dəfə də dar döngələri ilə tamaşaçılara gərgin və maraqlı anlar yaşadıb.
Təşkilatçılar təhlükəsizlik sistemlərini yeniləyərək maneələrin quraşdırılma müddətini yeddi həftədən beş həftəyə endiriblər. Yarışdan sonra şəhər yollarının cəmi 12 saat ərzində bərpa olunması üçün sistem daha çevik şəkildə qurulub.
Bundan əlavə, 20 min yerlik tamaşaçı tutumlu iki yeni tribuna istifadəyə verilib. Bu yeniliklər Bakını “Formula 1”in əsas mərhələsinin təşkilatçısı kimi mövqeyini daha da möhkəmləndirib.