Azərbaycan Premyer Liqasının VI turunda “Qarabağ” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.
Ağdam təmsilçisinin kapitanı, komandasının qollarından birinin müəllifi Abdullah Zubir matçdan sonra teleqraf.az-a müsahibə verib.
34 yaşlı futbolçu həm bu görüş, həm də UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşıdan gələn “Kopenhagen” oyunu barədə danışıb.
- Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz. Rəqib ilk dəqiqədən qırmızı vərəqə aldı. Bu qələbəni necə şərh edərsiniz?
– Yaxşı rəqibə qarşı yüksək səviyyəli oyun keçdi. “Qəbələ” 10 nəfərlə qalsa da, çox yaxşı oynadı. Matç çox mürəkkəb keçdi. Nəticədə qalib gəldik və buna görə xoşbəxtik.
– Ötən tur “Araz-Naxçıvan”la oyunda rəqibiniz qırmızı vərəqə almışdı və hesab 5:0 sizin xeyrinizə bitmişdi. Hər kəs eyni oyunu xatırlayır, amma bu dəfə hesab sadəcə 2:0 oldu. Buna səbəb nədir?
– Ən önəmlisi qələbədir. İndi diqqətimizi öz oyunumuza yönəltməliyik.
– Bu gün ilk hissədə mərkəzdə oynadınız. Sizin üçün daha rahat mövqe hansıdır – sol, yoxsa sağ cinah?
– Mənim üçün fərqi yoxdur. Məşqçi harada oynamağı tapşırırsa, orada da çıxış edirəm.
– Növbəti oyununuz UEFA Çempionlar Liqasının II turunda “Kopenhagen”ə qarşı olacaq. Bu matça hazırlığınız və motivasiyanız necədir?
– Bəli, “Kopenhagen”lə vacib oyunumuz var. Onlar böyük komandadır, çox güclüdürlər. Biz yaxşı hazırlaşmalı, bərpa olunmalı və evdə yaxşı nəticə qazanmağa çalışmalıyıq.
– Portuqaliyada “Benfika”ya qalib gəldikdən sonra “Kopenhagen”lə görüşdən də 3 xal qazanmaq barədə nə düşünürsünüz?
– Bilirsiniz, bu futboldur. Burada heç nəyi əvvəlcədən demək olmaz. Əlbəttə, hər dəfə qələbə qazanmaq istəyirik, amma bilirik ki, “Kopenhagen” çox güclü komandadır. Biz diqqətimizi cəmləməli və ən yaxşı nəticə üçün çalışmalıyıq.
– İlk oyundakı qələbədən sonra bəziləri deyir ki, “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsinə çıxa bilər…
– Yol çox uzundur. Görürsünüz ki, kimlərə qarşı oynayırıq. Rəqiblər hamısı TOP komandalardır. Biz bir-bir oyunlar keçirərək maksimum xal toplamalıyıq. Sonra hansı mövqedə bitirəcəyimiz məlum olacaq. Əlbəttə, rəqabət aparırıq və mərhələ adlamağı istəyirik, amma bu, asan deyil.
– Növbəti mərhələyə keçmək üçün sizcə, neçə xal kifayət edər?
– Bilmirəm, təxminən 10 xal ola bilər. Amma dəqiq demək mümkün deyil.