Samir Musayev: “Qarabağ”da əvəzolunmaz futbolçu yoxdur” - MÜSAHİBƏ

Müsahibə
27 Sentyabr 2025 10:58
43
Samir Musayev: “Qarabağ”da əvəzolunmaz futbolçu yoxdur” - MÜSAHİBƏ

“Marko Yankoviç Azərbaycana gəlmiş ən yaxşı futbolçudur. Fikrimcə, onun yoxluğu belə vacib oyunlarda böyük itkidir. Təsir edəcəkmi? Məncə, edəcək. Amma “Qarabağ”da əvəzolunmaz futbolçu yoxdur”.

Bu sözləri “Qarabağ”ın sabiq forvardı Samir Musayev apasport.az saytına müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- “Qarabağ” “Araz-Naxçıvan”la görüşdə böyük hesabla qələbə qazandı. “Benfika” və ardınca da “Araz-Naxçıvan”la görüşdəki Ağdam klubunun performansını necə dəyərləndirirsiniz?

- “Qarabağ həm komanda olaraq, həm də ayrı-ayrı futbolçular baxımından Azərbaycandakı bütün rəqiblərindən güclüdür. Ona görə də, onların qalib gəlməsi tamamilə normal haldır. İstər böyük hesabla, istərsə də minimal nəticə ilə qazanılan qələbə digər komandaların zəifliyini göstərmir. Sadəcə reallıq budur ki, “Qarabağ” hazırda bütün klublardan üstündür. Böyük hesab məsələsinə gəlincə, bu, bəzən rəqibin – məsələn, “Araz-Naxçıvan”ın oyununun həmin gün alınmaması ilə bağlı ola bilər. Bu da futbol üçün normaldır. Necə ki, “Qarabağ” özü də çempionatda zaman-zaman məğlubiyyət yaşayır. İki komandanın oyunları arasındakı fərqə gəldikdə isə, burada xüsusilə sürət baxımından ciddi üstünlük görünür. Bu amil də “Qarabağ”a çempionatda əlavə güc qazandırır.

- “Qarabağ”ı qarşıda “Kopenhagen”lə görüş gözləyir. Bu matçda “Qarabağ”ın qələbə qazanacağına inanırsan?

- Biz həmişə “Qarabağ”ın qələbəsinə inanırıq. Amma futboldur da, hər şey ola bilər. Əsas olan tək qalib gələndə komandanın yanında olmaq deyil, məğlubiyyətdə də komandaya inanmaq, güvənməkdir. “Qarabağ” daha intizamlı, daha çox istəkli oynasa, nəinki “Kopenhagen” istənilən komandaya qalib gələ bilər.

- Marko Yankoviç zədəli olduğu üçün bu görüşdə meydana çıxmayacaq. Onun yoxluğu komanda üçün böyük itki saymaq olar. Sizcə, bu “Qarabağ”ın oyununda çox hiss ediləcək?

- Marko Yankoviç Azərbaycana gəlmiş ən yaxşı futbolçudur. Fikrimcə, onun yoxluğu belə vacib oyunlarda böyük itkidir. Təsir edəcək? Məncə, edəcək. Amma “Qarabağ”da əvəzolunmaz futbolçu yoxdur. Qurban Qurbanov o mövqedə kimi oynadacaq, bilmirəm. Lakin əminəm ki, kim oynasa, komandaya lazımı köməyi edəcək.

- Yankoviçə qədər bu mövsüm avrokuboklarda Kadi Borges onun mövqeyində oynayırdı. Sizcə, Kadi, yoxsa Kristian Kuakunu orada yoxlamaq daha məqsədəuyğun olardı?

- Məşqçilər kimi o mövqedə oynatmaq lazım gəldiyini daha yaxşı bilir. Kadi o mövqedə daha yaxşı oynaya bilər. Emmanuel Addai də son zamanlarda o mövqedə oynayır. Onun da orada çıxış etmək şansı daha çoxdur. Allah qoysa, görəcəyik, məşqçilər kimə şans verəcək.

- “Qarabağ”la bağlı daha çox tənqid edilən mövzu hücumçu transferinin edilməməsi idi. Amma Kamilo Duran “Benfika” ilə görüşdə hücumçu kimi oynadı və effekt verdi. Sizcə, Duranın “Qarabağ”ın yeni hücumçu kimi qəbul etmək olar?

- Məşqçilik tək məşq keçmək deyil. Həm də bəzi futbolçuların istedadını ortaya çıxarmaqdır. Qurban müəllim bu sahədə də çox bacarıqlıdır. Çünki Addaini orta sahə oyunçusu kimi oynatmaq, Kamilo Duranı hücumçu kimi ortaya çıxarmaq hər məşqçinin işi deyil. İndi Duran hücumda Emmanuel Addai isə mərkəzdə daha çox effekt verir. Gələcəkdə necə olacaq, onu indidən demək çətindir.

- Ümumiyyətlə, “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanacağına inanırsız? Rəqiblər isə “Atletik” (Bilbao), “Liverpul”, “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt”dır..

- Çətin və əziyyətli olacaq. Amma Allah qoysa, bacararıq. Keçə bilməsək bizim üçün böyük təcrübə olacaq. Futbolumuz üçün böyük uğur sayılacaq. Hər iki ehtimalda qazanan “Qarabağ” və futbolumuz olacaq.

İdman.biz