“Ferensvaroş”dan son dəqiqə qolu, “Panatinaikos”un böyükhesablı qələbəsi - VİDEO

Xəbərlər
26 Sentyabr 2025 01:00
397
“Ferensvaroş”dan son dəqiqə qolu, “Panatinaikos”un böyükhesablı qələbəsi - VİDEO

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.

İdman.biz xəbər verir ki, turun ikinci oyun günündə 9 qarşılaşma keçirilib.

Əvvəlcə “Qou Ehed İqls” – FCSB (keçmiş “Styaua”) və “Lill” – “Brann”” matçları baş tutub. Bu görüşlərdə “Styaua” (1:0) və “Lill” (2:1) qalib gəliblər.

Almaniyanın “Ştutqart” klubu – “Selta”nı qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə “Ştutqart” təzyiqi artırıb. 51 və 68-ci dəqiqələrdə Buanani və Əl-Hannus ispaniyalıların qapısından iki qol keçiriblər.
87-ci dəqiqədə İqlesias hesab arasındakı fərqi azaldıb – 2:1. Lakin ispaniyalılar bundan artığını edə bilməyiblər.

“Utrext” (Niderland) öz meydançasında “Olimpik Lion” (Fransa) ilə qarşılaşıb. Bu qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. İkinci hiisədə 75-ci dəqiqədə Tessmann “Lion”u önə çıxarıb – 0:1. Görüşdə vurulan yeganə qol elə bu olub.

“Aston Villa” İtaliyanın “Bolonya” klubunu sınağa çəkib. Görüşdə hesabı 13-cü dəqiqədə meydan sahiblərindən Makginn açıb – 1:0. Komandalar oyunun sonunadək bu hesabı dəyişə bilməyiblər.

Şotlandiyanın “Reyncers” klubu “Genk” (Belçika) ilə oynayıb. Qarşılaşmanın 55-ci dəqiqəsində O Hyun Kyu meydan sahiblərini mərkəzə dəvət edib. Oyun elə bu hesabla da (1:0) belçikalıların xeyrinə biitb.

Avstriya “Zalsburq”unun qonağı “Portu” olub. Bu görüşdə yeganə topu 90+3-cü dəqiqədə qonaqların oyunçusu Qomes vurub – 0:1.

“Qarabağ”ın pley-off-da qalib gəldiyi “Ferentsvaroş” “Viktoriya Plzen”i (Çexiya) qonaq edib. Qarşılaşmanın 16-cı dəqiqəsində Duroisinmi qonaqları irəli çıxarıb – 0:1. İlk hissə bu hesabla bitib.

Meydan sahibləri bu qolun əvəzini yalnız 90+4-cü dəqiqədə çıxa biliblər. Peşiç oyunun yekun hesabını müəyyən edib – 1:1.

İsveçrənin “Yanq Boyz” klubu dogma divarlar arasında “Panatinaikos”la qüvvəsini sınayıb. Görüşdə hesabı 10-cu dəqiqədə qonaqlardan Sviderdki açıb. Bunun ardınca, Zaruri 14 və 19-cu dəqiqələrdə hesabı 3:0-a çatıdırıb. 25-ci dəqiqədə Canko buraxılan toplardan birinin əvəzini çıxıb – 1:3.

İkinci hissədə Zaruri 68-ci dəqiqədə görüşdə özünün üçüncü topunu vurub – 1:4. Oyun bu hesabla yekunlaşıb.

Qeyd edək ki, Avropa Liqasının ilk oyunları dünən baş tutub.

İdman.Biz