FIFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının doqquzuncu turu çərçivəsində baş tutan “Sabah” - “Qarabağ” matçını canlı izləyib.
İdman.Biz xəbər verir ki, FIFA prezidenti qarşılaşma ilə bağlı təəssüratlarını şəxsi “Instagram” hesabında bölüşüb.
Ali futbol qurumunun rəhbəri Mərdəkandakı “Sabah Arena”da keçirilən matçın Azərbaycan futbolunu layiqincə təmsil etdiyini vurğulayıb.
“Bu gün Bakıda “Sabah” və “Qarabağ”ın gərgin mübarizə şəraitində keçirilən matçda xalları bölüşməsi Azərbaycan futbolunun möhtəşəm təqdimatı oldu.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FIFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, eləcə də “Sabah” klubunun prezidenti klubunun Maqsud Adıgözəlzadə və digər şəxslərlə birlikdə olmaqdan məmnunluq duydum.
Belə möhtəşəm atmosfer yaratdıqları üçün hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları bir araya gətirdiyini və onlara sevinc bəxş etdiyini bir daha sübut edir” - FIFA prezidenti “Instagram” hesabında yazıb.
Qeyd edək ki, qarşılaşma Mərdəkandakı “Sabah Arena”da keçirilib. “Sabah” – “Qarabağ” oyunu qolsuz başa çatıb.
Xatırladaq ki, Canni İnfantino Bakıda oktyabrın 24–30-da keçirilən FIFA U-15 Dünya Çempionatı və Futbol Festivalı ilə əlaqədar Azərbaycandadır.
