"Son oyunlara baxsaq, vəziyyətimizə yaxşı demək olmaz".
Bunu “Karvan-Yevlax”ın müdafiəçisi Eltun Turabovun futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Premyer Liqanın son turunda “İmişli”yə böyük hesabla uduzdunuz. Oyunu necə dəyərləndirirsən?
– İdman belədir, udmaq da var, uduzmaq da. Bunu hamı bilir. Oyunumuz istədiyimiz kimi alınmadı. “İmişli” ilə matçı unudub qarşıdakı oyuna hazırlaşacağıq.
– Komanda 5 tura 1 qələbə qazanıb…
– Son oyunlara baxsaq, vəziyyətimizə yaxşı demək olmaz. İnşallah, qarşıdakı matçlara hazırlaşacağıq. Yaxşı nəticələr əldə etmək istəyirik.
– “Karvan-Yevlax”da çox meydana çıxmırsan, daha çox ehtiyatda oturursan. Bu, sənin üçün çətin deyil?
– Bu, baş məşqçinin qərarıdır. Çətin də olsa, buna hörmətlə yanaşıram. Ümid edirəm ki, qarşıdakı matçlarda daha çox meydana çıxacam.
– “Karvan-Yevlax” Premyer Liqada yerini qoruya biləcək? Bunun üçün nə lazımdır?
– Düşünürəm ki, bunu bacararıq. Hər oyunda xal toplamağa çalışırıq. Məqsədimiz xallar yığıb Premyer Liqada qalmaq üçün mübarizə aparmaqdır.
– Qarşıda “Neftçi” ilə oyun var. Çətin rəqibdən xal ala biləcəksiz?
– Bəli, bilirik ki, güclü rəqibə qarşı səfərdə çətin oyun keçirəcəyik. Hər oyuna xal yığmaq üçün çıxırıq. “Neftçi” ilə matç da bizim üçün fərqli olmayacaq.