Milli Məclisin deputatı: "Futbola da zəfər ruhunu gətirməliyik"

Xəbərlər
7 Sentyabr 2025 10:38
44
Milli Məclisin deputatı: "Futbola da zəfər ruhunu gətirməliyik"

"Millimizin İslandiyaya 0:5 hesabı ilə uduzması idman tariximizin ən ağır məğlubiyyətlərindən biridir. Biz millət olaraq bütün münasibətlərimizə, o cümlədən idmana da zəfər ruhunu gətirməliyik. Necə ki, bunu digər sahələrdə edirik, futbolda da bacarmalıyıq".

İdman.biz xəbər verir ki, bunu Sportnet.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan yığmasının böyük hesabla yenilməsinin əsas səbəbi ümumi kollektiv ruhun olmaması idi: "Mənə elə gəlir ki, bu ruhun olması üçün millimizin baş məşqçisi də milli olmalıdır. Düzdür, biz bəzən əcnəbi mütəxəssislərə onların təcrübəsini və futbolun incəliklərini daha yaxşı bilmələrini nəzərə alaraq, üstünlük veririk. Lakin məncə, futbol yalnız texniki oyun hadisəsi deyil, həm də kollektiv mübarizə, kollektiv ruh məsələsidir. Təəssüf ki, biz bunu görmədik".

Babaoğlunun fikrincə, ayrılıqda hər bir azərbaycanlı oyunçunun müəyyən təcrübəsi və peşəkarlığı var və bu səbəbdən, İslandiya kimi o qədər də güclü olmayan bir komandanı məğlub etmək çətin olmamalı idi: "Dediyimiz şərtlər - məhz komanda ruhu, zəfər ruhunun olmaması bizi belə acınacaqlı məğlubiyyətə düçar etdi. Ona görə də düşünürəm ki, müəyyən mərhələyə - millimiz ortaq milli ruh qazanana qədər baş məşqçimiz də mütləq azərbaycanlı olmalıdır. O, məsuliyyəti üzərinə götürməyi və komanda ilə bütövləşməyi bacarmalıdır. Ümid edirik ki, növbəti baş məşqçimiz öz peşəkarlarımızdan olacaq və biz əzm, zəfər ruhu ilə idmanda da mübarizə aparmağı öyrənəcəyik".

İdman.biz