"Karvan-Yevlax"ın idman direktoru Kənan Kərimov Apasport.az-a müsahibəsi
- "Karvan-Yevlax" son matçda “Qarabağ”la oynadı və rəqibinə 0:2 hesabı ilə uduzdu. Bu görüşdə uğurlu nəticəyə ümid edirdiz? Sizin üçün necə alındı?
- Demək olar ki, bizim üçün də elə səfər oyunu idi. Unutmayaq ki, rəqibimiz də "Qarabağ" idi. Azarkeşlərimizə böyük təşəkkürümü bildirirəm ki, bizə yetəri və sona qədər dəstək oldular. Futbolçularıma təşəkkür edirəm ki, rəqibin adından qorxmadan, layiqincə mübarizə apardılar.
- Səncə, komandanız bu matçda xal qazanmağa yaxın idi, yoxsa bunun üçün keyfiyyət və təcrübə çatmadı?
- Bəlkə də ustalıq səviyyəmiz bir qədər yüksək olsaydı, daha yaxşı oyun göstərib, uğurlu nəticə əldə edə bilərdik. Ən azından heç-heçə ilə bir xal qazanmağı çox istəyirdik, amma qismət olmadı. Futbolçularımdan razıyam, çünki onlar ‘Qarabağ’dan çəkinmədən sona qədər mübarizə apardılar.
- "Karvan-Yevlax” üç turdan sonra 4 xal qazana bilib. Altıncı pillədəsiz. Bu nəticə sizi razı salır, yoxsa siz daha yaxşı nəticə istəyirdiz?
- Hazırda yığdığımız xalları səfərdə əldə etmişik. Hələ ki, ev oyunlarımızı öz doğma stadionumuzda keçirə bilmirik. Demək olar ki, bizim üçün qənaətbəxş nəticələrdir.
- Demək olar ki, Yevlax stadionu hazırdır və növbəti ev oyununuzu məhz evdə keçirəcəksiz? Hansısa problem qalmayıbki?
- Stadionumuzda yekunlaşdırma işləri gedir. Çox istəyərdik ki, üçüncü ev oyunumuzu, "İmişli"ni elə doğma azarkeşlərimiz önündə qəbul edək. Əlbəttə ki, bu tura qədər də azarkeşlərimiz bizə dəstək olub. Onlara minnətdaram. Bu dəfə isə elə doğma meydanımızda, öz azarkeşlərimizin qarşısında oynamağı çox istəyirik.
- Legionerlərin deyəsən bəziləri Yevlaxda, bəziləri Mingəçevirdə yaşayır? Onları necə yerləşdirə bildiniz?
- Bəli, bəzi legionerlərimiz var ki, Mingəçevirdə yaşayırlar. Buna səbəb onların öz ailələri ilə birlikdə bura gəlməsidir. Onlar özləri qərar verərək, Mingəçeviri seçiblər. Bu, normal haldır. Amma oyuna 2 gün qalmış hər kəs komanda ilə birlikdə Yevlaxdakı bazamızda qalırlar.
- Yəqin ki, baş məşqçinin işindən razısız? Baş məşqçi seçiminiz sizi razı salır? Oyunlara çıxanda, onunla müəyyən məsləhətlər gedir hər halda?
- Bəli, bugünkü gündə baş məşqçimiz Azər Həşimovdan da razıyam. Yığdığımız xallara görə də bunu demək olar. Əlbəttə ki, hər oyundan qabaq məsləhətləşirik. Heyət baxımından söhbətləşirik, yekun qərara gəlirik. Biz yeni komandayıq. Çətinliklərimiz qaçılmazdır. Hazırda zədəli oyunçularımız da var ki, o baxımdan da əziyyət çəkirik. Çalışacağıq ki, bu mövsüm mövqeyimiz, yerimizi qoruyaq. Layiqli mübarizə aparacağıq. Baxımlı oyunlarımızla azarkeşlərimizi sevindirməyi də çox istəyirik.
İdman.biz