İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının Çempionlar Yolunun püşkatma mərasimi keçirilib. Püşkatmada yarışın üç mərhələsinin cütlükləri müəyyən edilib.
İdman.biz xəbər verir ki, UEFA Gənclər Liqasında ölkəmizi təmsil edən iki klubdan biri olan “Sabah”ın U-19 komandası Çempionlar Yoluna ikinci raunddan qoşulacaq.
Bu mərhələdə “Sabah”ın rəqibi Fransanın “Nant”klubunun gəncləri olacaq. İkinci raundun ilk oyunları oktyabrın 22-də, cavab görüşləri noyabrın 5-də baş tutacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.
İlk raundun isə ilk oyunları sentyabrın 17-də, cavab görüşləri oktyabrın 1-də baş tutacaq.
UEFA Gənclər Liqasında ölkəmizi “Sabah” və “Qarabağ”ın U-19 komandaları təmsil edirlər.
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Çempionlar Liqası Yolunda "Benfika" (Portuqaliya), "Kopenhagen" (Danimarka), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya) və "Ayaks"la (Niderland) qarşılaşacaq.
İdman.biz