“Sabah”ın hücumçusu Pavol Şafrankonun Futbolinfo.az saytına müsahibəsi
– “Şamaxı” ilə səfər oyununda qalib gəldiniz. Oyun haqqında fikriniz nədir?
– Şamaxıda oynamaq hər komanda üçün çox çətindir. 3 ildir burada qalib gələ bilməməyimizi qeyd etmək kifayətdir. Bizim üçün mövsümə qələbə ilə başlamaq çox vacib idi. Çətin matç oldu, amma komanda olaraq bu çətin səfərdən qələbə ilə ayrılmağı bacardıq. Bizim üçün vacib 3 xal idi.
– Qalib gəlmək sizin üçün çətin oldumu?
– Əlbəttə, bayaq da qeyd etdiyim kimi Şamaxı səfəri hər zaman çətin keçir. Amma onu da qeyd etməliyəm ki, liqada heç bir oyun asan olmur. Qalib gəlmək üçün maksimum güc sərf etməlisən.
– Yeni mövsümün startı ilə bağlı düşüncəniz necədir? Hədəfiniz nədir?
– Hədəflərimiz dəyişməyib. Həmişə olduğu kimi ən yüksək pillələr uğrunda mübarizə aparacağıq.
– Avrokuboklardan sonra vəziyyətiniz necədir? Özünüzü necə hiss edirsiniz?
– Komandanın hər bir üzvü avrokuboklarda daha çox irəliləmək istərdi. Bunun üçün çalışırdıq. Lakin təəssüf ki, bacarmadıq. Yaxşı oyunlarımız oldu, amma daha çox irəliləyə bilmədik. Bunu qəbul etməli və tam olaraq çempionata fokuslanmalıyıq.
– Sizcə, bu mövsüm “Sabah” ötən mövsümdən daha güclü olacaqmı?
– Bunu zaman göstərəcək. İndidən nəsə demək çətindir. Sadəcə onu deyə bilərəm ki, bizim yaxşı komandamız var və bu komanda ilə hədəflərimizə çata bilərik.
– Hansı komandalar sizin üçün çətin rəqib olacaq? Bu mövsüm hansı komandalar güclü görünür?
– Məncə, bu il liqa daha güclü olacaq. Klublar yeni futbolçularla gücləniblər. Bu, azarkeşlər üçün də maraqlı olacaq. Qalib gəlmək üçün hər oyuna 100 faiz fokuslanmalıyıq.
– Növbəti oyunda debütant “İmişli” ilə qarşılaşacaqsınız. Favorit sizsiniz. Evdə qələbə qazana biləcəksinizmi?
– Çempionatda hər oyun çətindir və qalib gəlmək üçün meydanda maksimumunu qoymalısan. “İmişli” ilə matça da çox ciddi hazırlaşmalıyıq. Çempionatda hədəflərimizə çatmaq üçün hər oyuna 3 xal üçün çıxmalıyıq.
İdman.biz