“Rəqib hücumameyilli oyun nümayiş etdirir, “köhlən atlar” isə həmin an yaranan boşluqlardan ustalıqla istifadə edə bilir. Bu sarıdan, macarların irəli atılması Qurban Qurbanovun kollektivi üçün yaxşı şansdır”.
İdman.biz xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev "Qarabağ"ın Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan danışarkən deyib.
59 yaşlı mütəxəssis görüşdə "köhlən atlar"ın üstünlüyünün olduğunu qeyd edib: “Ağdam klubu adətən, oturuşmuş müdafiəni yarmaqda çətinlik çəkir. “Ferentsvaroş” hücuma atılarkən vəziyyət dəyişəcək. Bundan faydalanmaq olar”.
Diniyev komandaların şanslarını bərabər dəyərləndirib: “Ferentsvaroş”un hazırki vəziyyətini görməmişik. “Qarabağ” da pik nöqtəsinə çatmayıb. Ağdam klubu stabil komandadır. Artıq turnirdə təcrübəsi var. Ona görə şanslar 50/50-dir. Hər iki tərəf hücumda oynayan, topu daha çox özündə saxlayan komandalardır. Bir sözlə, müdafiəyəmeyilli deyillər. Maraqlı və bolqollu oyun görə bilərik. Şanslar bərabərdir”.
Qeyd edək ki, bu gün keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
İdman.biz