Bu mövüm I Liqada çempionluğa iddialı olan “Şəfa” hazırlıqlarını davam etdirir.
İdman.biz xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Elgiz Kərimli Sportal.az saytına açıqlamasında komandasının hazırlıq durumundan danışıb.
O, əvvəlcə “Cəbrayıl”a qarşı keçirdikləri son yoxlama görüşündən bəhs edib: "Bu matç həm taktiki planda görülən işlər, həm də heyətin komplektləşdirilməsi baxımından bizim üçün vacib idi. Oyunda müdafiədə daha az səhvlərə yol verməyimiz bizi sevindirir. Lakin hücumların təşkilində müəyyən çatışmazlıqlar qalmaqdadır. Top itkilərinə çox yol veririk və bu, istədiyimiz oyunu nümayiş etdirməyimizə mane olur. Yeni futbolçularımızın sayı çoxdur və onların komandaya tam uyğunlaşmasına vaxt lazımdır".
Gənc məşqçi son transferləri olan Urfan İsmayılov və Amir Ebrahimzade haqda da fikirlərini bildirib: "Son olaraq “Qəbələ”dən Urfan İsmayılovu transfer etmişik. Çox keyfiyətli futbolçudur. Çempionluq yolunda bizə xeyir verəcəyinə çox inanıram. Bəli, “Traktor”un yetirməsi olan Amirlə də müqavilə imzalamışıq. Ona da ümidimiz böyükdür. Ümumilikdə, komandamızda olanların hər birinə sonuna qədər güvənirik. Ümumi götürsək, komandadan razıyam. Oyundan-oyuna inkişaf hiss edirik. Qarşıda hələ bir neçə sınaq matçımız olacaq. Avqustun 20-28-i aralığında Qəbələ şəhərində toplanışımız olacaq. Orada 3 yoxlama gorüşü oynayacağıq. Düşünürəm ki, çempionat oyununa qədər 70-80 faiz hazır olacağıq. Təbii ki, yeni mövsümdə də uğurlu nəticə qazanmağa çalışacağıq".
İdman.biz