"Qarabağ"ın bu yay transferlərindən biri də Joni Montieldir. Bu futbolçunun Ağdam klubuna keçidində önəmli rolu, meneceri Mikel Alvaro Salazar oynayıb. Vaxtı ilə Azərbaycanda futbolçu kimi legioner həyatı yaşamış Alvaro Sportal.az saytına müsahibəsində Montiel barədə danışıb.
- Montielin "Qarabağ"ın yeni ulduzu olacağına inanırsınız?
- İnanıram ki, o, “Qarabağ” üçün çox vacib oyunçu ola bilər. Çünki onun çox keyfiyyətli oyun performansı var. Üstəlik, çox güclü zərbələrə malikdir. Zamanla hər şeyi görəcəksiniz.
- "Qarabağ"a keçid necə oldu? Klub onunla çoxdan maraqlanır?
- “Qarabağ” artıq bir neçə mövsümdür ki, Montieli izləyirdi. “Qarabağ”ın bu mövqe üçün oyunçu axtardığını biləndə, Joni ilə əlaqə saxladım və ona layihə haqqında bütün yaxşı şeyləri, Bakıdakı həyatın necə olduğunu danışdım. O da mənə qulaq asdı və “Qarabağ”la müqavilə imzalamağa razılaşdı.
- Montiel hansı üstünlüklərə malikdir?
- O, komanda yoldaşları ilə münasibət yaratmaq üçün əla keyfiyyətə, əla final ötürməsinə və təsirli zərbələrə malikdir.
- Joni “Rayo Valyekano”, “Deportivo”, “Levante”, “Valyadolid” kimi klublarda oynayıb. Onun “Qarabağ”a keçməsini irəliyə doğru addım hesab edirsiz? Yəqin ki, Çempionlar Liqasında oynamaq istəyir deyə, bu seçimə üstünlük verib?
- 26 yaşına qədər o, çox klubda oynayıb. Üstəlik, çox erkən yaşda debüt edib. “Qarabağ”a keçidini karyerasında çox vacib addım hesab edirəm. Mən bunu ona belə də dedim. O, Avropada oynayacaq çempion komandaya qoşulub və ümid edirəm ki, Çempionlar Liqasında yer alacaq. Bu da Joni üçün çox şey deməkdir.
- Montiel özünü sübut etsə, yəqin ki, “Qarabağ” sizdən daha çox futbolçu istəyəcək? Montiel sizin üçün "Qarabağ"la əməkdaşlığınız üçün sınaqdır?
- “Qarabağ”la işləmək çox xoşdur. Onlar bizə bütün imkanları verməklə hər şeyi çox asanlaşdırdılar və ümid edirəm ki, bu, aramızda olan bir çox sövdələşmələrdən birincisidir.
İdman.biz