Tahir Gözəl: "Əminəm ki, "Liverpul"u, PSJ-ni Bakıda qəbul edəcəyik"

Xəbərlər
12 Avqust 2025 23:41
43
Tahir Gözəl: "Əminəm ki, "Liverpul"u, PSJ-ni Bakıda qəbul edəcəyik"

"Qarabağ"ın prezidenti Tahir Gözəl evdə Şimali Makedoniya "Şkendiya"sına 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

İdman.biz xəbər verir ki, klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ" tarixində dördüncü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Təəssüratlarınız necədir?

- Rəqib komanda bizə qarşı Skopyedə çox gözəl oynamış, çətin anlar yaşatmışdı. Səfərdə qələbə qazanmağımızda müdafiə xəttimiz çox önəmli rol oynamışdı. Bu gün isə məni ən çox sevindirən o oldu ki, yeni oyunçularımızın hamısını iş başında gördük. Onların arasında Azərbaycan futbolunun gələcək ulduzlarından Hikmət Cəbrayılzadəni də gördükdə xeyli məmnun oldum. Əlbəttə, bunu gözləmirdim. Hesab edirəm ki, bu gün Vətəndə, öz azarkeşlərimiz qarşısında oynamağın fərqini də göstərdik. Futbolçularımız meydana fərqli ab-havada çıxmışdılar. Məncə, bundan Azərbaycan qazandı. Biz də belə bir dəstək sayəsində xalqımıza qələbə sevinci bəxş etdik.

- Razısınızmı ki, rəqib sanki ilk qolu vurmaqla, "Qarabağ"ın əsəbi ilə oynadı...

- Bəli, eynilə elə oldu. Ən önəmlisi odur ki, o qoldan sonra azarkeşlərin "Qarabağ"a dəstəklərini eşitdinizmi? Böyük dəstək verərək, komandamızı ruhlandırdılar. Beləliklə, gözəl bir nəticə ilə istəyimizə çatdıq.

- Çempionlar Liqasının pley-off mərhələsində hansı rəqibi görmək istərdiniz?

- Məncə, Macarıstan "Ferentvaroş"u ciddi rəqibdir, dövlətdən və nüfuzlu insanlardan xüsusi dəstək görür, çox özəl yeri var, büdcə və imkanları genişdir. Amma biz də etdiyimiz gözəl transferlər və ən böyük dəyərlərimizdən olan sabit çıxışımızla seçilirik. Ötən illərdə qazandığımız və itirdiyimiz bizə təcrübə kimi miras qalıb. Baş məşqçimiz, heyətimiz, futbolçularımız eynidir. Bu "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız 2017/2018 mövsümündəki "Qarabağ" deyil. Avropada çox böyük təcrübəyə malik komandamız var. İnanıram ki, rəqib qarşısına belə bir üstün keyfiyyətlərə malik komanda çıxacaq. Əsas mərhələyə tarixdə heç vaxt indiki qədər yaxınlaşmamışıq. Komandamızın bunun fərqində olduğunu və arzularımıza çatacağımızı güman edirəm. Əminəm ki, "Liverpul"u, PSJ-ni Bakıda qəbul edəcəyik və futbol təntənəsi yaşayacağıq.

İdman.biz