Jeton Beqiri: "Qarabağ"la oyunda itirəcəyimiz bir şey yoxdu"

Xəbərlər
11 Avqust 2025 20:08
39
Jeton Beqiri: "Qarabağ"la oyunda itirəcəyimiz bir şey yoxdu"

"Sabahkı oyun çox çətin olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Sabah maksimumu edəcəyik. Qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq. İtirəcəyimiz bir şey yoxdur".

İdman.biz xəbər verir ki, "Şkendiya"nın baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsində "Qarabağ"la cavab oyununda öncə keçirilən mətbuaat konfransında deyib.

- İlk oyunda "Qarabağ"a uduzdunuz. Amma hesab 4:0, 5:0 da ola bilərdi. Hansı hissələrdə, epizodlarda səhvlərə yol verdiniz ki, bu qədər zəif etdiniz? "Qarabağ"la oyunda taktikanı düzgün seçməmişdiniz?

- Razıyam. İlk oyunda problemlərimiz var idi. Xüsusilə də fiziki problem. Qolda istəmədən səhv etdik, penalti oldu. Bizim də imkanlarımız var idi.

- Demək olar ki, "Qarabağ"a qarşı komanda daha ehtiyatlı oynadı deyə, belə nəticə qeydə alındı? Daha cəsarətli oynasaydınız, fərqli nəticə qeydə alına bilərdi? FCSB-yə qarşı fərqli oynamışdınız...

- Çalışdıq ki, maksimumu edək. Xüsusilə birinci hissədə "Qarabağ" daha yaxşı oynadı. Fiziki cəhətdən geri qalmağımız hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı oynadıq. Bizim də qol şanslarımız oldu. Razıyam ki, bu dəfə daha aqressiv və daha hücummeyilli oynayacağıq. Çünki itərəcəyimiz bir şey yoxdur.

- "Qarabağ"ın tarixinin ən yaxşı futbolçularından biri Muarem Muaremdir. Onunla heç rəqibiniz haqda danışmısız?

- Bəli, yaxşı tanıyıram. Həmkarımızdır hazırda. Vəziyyət belədir ki, "Qarabağ" bizim oyunları izləyir, biz də onların oyunları asanlıqla izləyirik. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Çünki bilirəm ki, Muaremin Qurban Qurbanovla yaxşı münasibəti var.

- Bir həftə ərzində fiziki problemi aradan qaldırmaq o qədər də asan deyil. Oyun əlavə vaxtda getsə, bu məsələ sizə problem yaratmayacaq?

- Belə məsələlər var. "Qarabağ"ın "Şelburn"la matçı bizdən bir gün qabaq olmuşdu. Onların əlavə dincəlmək vaxtı oldu. Səfərlərimiz bizi yormuşdu. Ölkə çempionatı başlamadığı üçün "Qarabağ" əlavə oyunlar oynamır. Amma sabahkı matçda gücümüz kifayət edəcək.

İdman.biz