Şahin Diniyev: "“Omoniya” “Araz-Naxçıvan”dan hər cəhətdən üstündür"

Xəbərlər
8 Avqust 2025 18:27
37
Şahin Diniyev: "“Omoniya” “Araz-Naxçıvan”dan hər cəhətdən üstündür"

"UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Omoniya" ilə cavab oyunu "Araz-Naxçıvan" üçün imic baxımından önəmlidir".

İdman.biz Bunu Report.az-a istinadən xəbər verir ki, bunu AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

Mütəxəssis Kipr klubunun ötən gün "Dalğa Arena"da keçirilən ilk matçda qələbə qazanmaqla (4:0) cütün taleyini böyük ölçüdə həll etdiyini söyləyib: “Araz-Naxçıvan”ın oyunu ümumiyyətlə alınmadı. “Omoniya” səviyyə baxımından Naxçıvan klubunu üstələdi, ilk dəqiqələrdən təzyiq altında saxladı. Həmçinin müxtəlif hücum kombinasiyaları qururdular. “Aris”dən fərqli “Omoniya” ilə oyunda çox eniş var idi. İstənilən halda, “Omoniya” “Araz-Naxçıvan”dan hər cəhətdən üstündür. Həm səviyyə, həm futbolçu, həm də təcrübə baxımından meydanda istədiklərini etdilər. “Omoniya” təsadüfən hücum edib qol vurmurdu. Düşünürəm ki, “Araz-Naxçıvan”ın geridönüş etməsi çox çətin olacaq. Fikrimcə, “Omoniya” matçın taleyini Bakıda həll edib. “Araz-Naxçıvan” daxili çempionata köklənməlidir. Cavab matçı imic baxımından önəmlidir. Çünki Azərbaycanı təmsil edəcəklər. Bu mənada cavab matçında “Araz-Naxçıvan”ın daha yaxşı oynayacağını düşünürəm”.

Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək.