Valdas Dambrauskas: "İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq"

Xəbərlər
31 İyul 2025 22:53
56
Valdas Dambrauskas: "İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq"

"Oyun haqda onu deyə bilərəm ki, ilk oyunda qazanılan 2;0 hesablı qələbə bizi rahatlaşdıra bilər deyə narahat idim. Biz bilirdik ki, rəqibdən güclüyük. Amma rahatlaşmaq olmazdı. Bugünkü oyunda rəqibdən tam üstün oynadıq. İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq. Rəqib fərqləndikdən sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Bu oyun gələcək üçün çoxlu informasiya verir. İnkişafımız üçün bu önəmlidir. 2-ci hissədə topun nəzarəti bizim tərəfimizdə idi, buna baxmayaraq rəqibin 3-cü bölgəsində çox şanslar qaçırdıq. Bunun üzərində işləməliyik".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Avropa Liqasının II təsnifat mərhələsində "Petrokub"la matçda qazanılmış 4:1 hesablı qələbədən keçirilən mətbuat konfransında deyib.

- Konfrans Liqasında ötən mövsüm 3-cü mərhələyə qədər yüksələn bir komandaya qarşı bu qədər rahat və əzmkar qələbə qazanılacağını düşünürdüzmü?

- Oyun bitdikdən sonra hesaba baxdıqda sizə asan görünə bilər. Amma hər kəsə hörmət edirik. Bu nəticə üçün futbolçularım çox əziyyət çəkdilər. Qələbənin arxasında çox ağır iş dayanır.

- Abdulla Xaybullayevin sarı vərəqə aldığı epizodu necə şərh edərdiz?

- ⁠Bəlkə, Ayaz Quliyevi deyirsiniz? Onu nəzərdə tutursunuzsa, mənə görə asan sarı vərəqə idi. Təbii ki sarı kartlar oyunun bir parçasıdır. Ayaz ilk görüşdə meydanda yox idi. Bu gün sona qədər döyüşmək istəyirdi. Bəzən layiq olmadığını düşünürsən, bəzən də əksini.

- Hücum xəttiniz göz oxşayır: 4 oyun, 11 qol. Bu barədə düşüncələriniz?

- Mən hücum futbolu oynatmağı sevirəm. Hər hücumda bütün komandanın əməyi var. Bəzən çalışırıq ki, qollar da buraxmayaq. Bunun üçün hər zaman hücum futbolu barədə danışırıq.

- Növbəti mərhələdə kiminlə qarşılaşmaq istəyərdiniz? "Levski", yoxsa "Braqa"?

- ⁠Bu seçimim nəticəyə təsir göstərməyəcək. Ona görə də önəmi yoxdur. Belə şeylərə sərf edəcək enerjim yoxdur.

İdman.biz