Rüfət Abdulluzadə: "Bura gəlmək vacib qərar oldu"

Xəbərlər
25 İyul 2025 13:32
69
Rüfət Abdulluzadə: "Bura gəlmək vacib qərar oldu"

"Xorvatiyanın “Varajdin” klubuna transferim mənim üçün vacib bir qərar oldu".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Xorvatiyanın “Varajdin” klubuna keçən azərbaycanlı futbolçu Rüfət Abdulluzadə deyib.

O, legioner həyatı yaşayacağı üçün xoşbəxt olduğunu bildirib: “Klubda ilk gündən çox isti qarşılandım və həm rəhbərlik, həm də komanda yoldaşlarım tərəfindən böyük dəstək gördüm. Məşqlər çox intensiv keçir. Temp yüksək səviyyədədir. Bu da məndən tam gücümü ortaya qoymağı tələb edir. Hazırda fərdi məşq proqramı ilə çalışıram və yaxın 1 ay ərzində komandanın tempinə tam uyğunlaşacağımı düşünürəm. Rəhbərlik çox açıq və futbolçularla daim əlaqədədir, bu da uyğunlaşmanı asanlaşdırır. Sağ cinahda oynamağım planlaşdırılır, amma mövqeyim məşqçilərin qərarına uyğun olaraq dəyişə bilər. Şəhər kiçik, amma çox mehribandır. Bu sakitlik və rahatlıq mənim tam şəkildə futbola fokuslanmağım üçün idealdır. Əsas məqsədim komandaya faydalı olmaq, sabit çıxış etmək və hər oyunda özümü daha da yaxşı göstərməkdir”.

Qeyd edək ki, Rüfət Abdulluzadə “Varajdin” klubu ilə 3 illik müqavilə imzalayıb.

İdman.biz