"Komandamız ötən gün baş tutan oyunda çox inamlı təsir bağışladı".
İdman.biz xəbər verir ki, bunu Sport24.az-a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis ilk olaraq "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada "Şelburn"a üç cavabsız qolla qalib gəldiyi matçla bağlı danışıb: "Hamımız "Qarabağ"dan qələbə gözləyirdik. Komanda dünən öz ənənəvi oyununu sərgilədi. Qazandığı nəticə ilə bizi sevindirdi. Baş məşqçi Qurban Qurbanov təvazökarlıq etsə də, artıq komanda növbəti mərhələni düşünməlidir. Məncə, rəqib Ruminiya təmsilçisi FCSB olacaq. Bizə tanış komandadır. Ötən mövsüm Avropa Liqasının əsas mərhələsində üz-üzə gəlmişdik. Həmin vaxt hesab oyuna görə deyildi. Məğlubiyyətlə barışmışdıq. "Qarabağ"ın III təsnifat mərhələsində bu rəqibə qarşı gözəl oyun göstərərək müsbət nəticə qazanacağına inanıram".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
İdman.biz